Qadin.NET / Prezident və xanımı yeni bulvarın açılışında

Prezident və xanımı yeni bulvarın açılışında

Prezident və xanımı yeni bulvarın açılışında
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva Bakı Ağ Şəhər bulvarının açılışında iştirak ediblər.
Yeni “Ağ Şəhər bulvarı” layihəsi çərçivəsində işlər yüksək səviyyədə həyata keçirilib. Bu bulvar əvvəllər paytaxtın “Qara şəhər” kimi tanınan və bir çox sənaye müəssisələrinin yerləşdiyi ərazisində Prezident İlham Əliyevin tapşırığı ilə ən müasir standartlara uyğun şəkildə salınıb.
Prezident İlham Əliyev bulvarın rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısının Sərəncamı ilə inşa olunan Bakı Ağ Şəhər bulvarının uzunluğu 2,7 kilometr, sahəsi 33 hektardır. Burada gələcəkdə Uşaq kinoteatrının inşası da nəzərdə tutulub. Yeni bulvarda basketbol, voleybol və iki futbol meydançası, ümumilikdə dörd yeni meydança inşa edilib. Bundan başqa, açıq havada yaradılan trenajor sahəsi də istirahətə gələnlərin ixtiyarına veriləcək. Ağ Şəhər bulvarında 2 kilometr uzunluğu olan velosiped yolu yaradılıb.
Prezident İlham Əliyev təməli qoyulduğu ilk gündən başlayaraq Ağ Şəhər bulvarında həyata keçirilən inşaat işlərinin gedişi ilə mütəmadi maraqlanıb, layihənin yüksək keyfiyyətlə icra olunmasına şəxsən nəzarət edib.
Dövlətimizin başçısı burada istirahət edən sakinlərlə görüşdü.
Yeni bulvarın inşası ekologiyası bərpa edilən sənaye zonasında həyata keçirilən və dünyanın ən iri müasir layihələrindən biri olacaq “Bakı Ağ Şəhər” layihəsini tamamlayır. Bundan başqa, bu layihənin reallaşması paytaxtımızın simasını daha da gözəlləşdirir. Bu bulvardakı “Bulvar Hotel”dən Bayıl bulvarındakı Bakı Su İdmanı Sarayının qarşısınadək xüsusi qatarlar da hərəkət edəcək. Qatarların bulvar boyu bir neçə yerdə dayanacağı olacaq.
Ağ Şəhər bulvarında infrastruktur ən müasir tələblər səviyyəsində yaradılıb. Bu nəhəng istirahət guşəsi sürətlə böyüyən və inkişaf edən Bakının görməli və gəzməli yerlərinə yeni bir ünvan da artırdı.
Bakı Ağ Şəhər bulvarı Ağ Şəhərdən Xəzərə açılan mənzərəni xüsusi bir yaraşıqla daha da cazibədar edir. Belə müasir istirahət məkanının dünyanın diqqət mərkəzində olan birinci Avropa Oyunları ərəfəsində istifadəyə verilməsi şəhərimizə gələn turistlərin istirahətini yüksək səviyyədə təmin etmək üçün şərait yaradır. Bu layihə bir daha onu göstərir ki, Bakının inkişafı ilə bağlı qarşıya qoyulan bütün məqsədlərə vaxtında və keyfiyyətlə nail olunur.

Mənbə: ANS PRESS

1 iyun 2015
GO BACK