Qadin.NET / Ermənilərin “Köçəri” oğurluğuna cavab

Ermənilərin “Köçəri” oğurluğuna cavab

Ermənilərin “Köçəri” oğurluğuna cavab
Müəllif Hüquqları Agentliyi Azərbaycanın milli rəqsi “Köçəri”nin erməniləşdiriləməsi cəhdi ilə bağlı açıqlama yayıb.
ANS PRESS-in məlumatına görə, açıqlamada deyilir ki, Ermənistanın mədəniyyət naziri tərəfindən Azərbaycanın qədim milli rəqslərindən olan “Köçəri”nin erməni milli dəyəri kimi qeyri-maddi irs siyahısına daxil edilməsi üçün YUNESKO qarşısında məsələ qaldırılması ilə bağlı Azərbaycan Dövlət İnformasiya Agentliyində (“AZƏRTAC”) verilmiş məlumatla bağlı aşağıdakıları bildiririk:
Azərbaycan xalqına məxsus olan musiqi əsərləri, folklor nümunələri və digər qeyri-maddi mədəni irs nümunələri uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanır, mənimsənilir və erməni nümunələri kimi təqdim olunur. Buna misal olaraq, ermənilər Azərbaycanın “Sarı gəlin”, “Süsən sünbül” və onlarca digər xalq mahnılarını, “Yallı”, “Vağzalı”, “Köçəri”, “Uzundərə”, “Mirzəyi” rəqslərini, qədim musiqi alətlərimizi (tar, balaban, zurna), hətta məşhur Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini, eləcə də müasir bəstəkarlarımızın mahnılarını erməni nümunələri kimi təqdim etməyə cəhdlər göstərirlər.
Azərbaycanın qədim milli rəqslərindən olan “Köçəri”nin ermənilər tərəfindən özününküləşdirilməsi onların ilk cəhdi deyildir. Belə cəhdlərdən biri kimi "Eurovision-2011" mahnı müsabiqəsinin final yarışmasını misal göstərmək olar. O zaman “Köçəri” rəqsini Ermənistan təmsilçisi erməni nümunəsi kimi təqdim etməyə çalışmışdı. Fakt ortaya çıxan kimi Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi dərhal araşdırmalara başlamış, “Köçəri” rəqsinin Azərbaycan xalqına məxsus olması barədə Agentlik tərəfindən geniş, tarixi əsaslara söykənən və “Köçəri” sözünün etimologiyasını açıqlayan arayış hazırlanıb kütləvi informasiya vasitələrində yayılmış və bu barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına məktub göndərilib. 
Ümumiyyətlə, erməni ədəbi oğurluğu yeni deyil. Əslində Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsidir və bunu ermənilərin tanınmış nümayəndələri açıqca etiraf edirlər. Hələ 1868-ci ildə erməni ədəbiyyatşünası S. Palasanyan Sankt Peterburqda erməni dilində nəşr etdirdiyi “Erməni nəğmələri” adlı kitabında yazırdı ki, “... biz hansı xalqın təsiri altında oluruqsa, onun mahnılarını da özümüzünkü hesab edirik və özümüzünkü kimi təqdim edirik". M. Nalbadyan adlı erməni müəllifi “Qədim şeir və nəğmələr haqqında” kitabında (bax. M. Nalbadyan. Əsərlər toplusu. 1-ci cild) öz növbəsində yazmışdır ki, ermənilərin “əksər musiqi və nəğmələri türklərdən (azərbaycanlılardan) götürülüb. Mən ermənilərin yaşadığı bir çox yerlərdə olmuşam. Həmişə təmiz ermənicə olan bir şey eşitmək istəmişəm. Təəssüf ki, bu günədək mən buna nail olmamışam”.
Təbii olaraq Azərbaycan musiqisi peşəkar erməni musiqi əsərlərinə də öz təsirini göstərib. Belə ki, A. Xaçaturyan bir bəstəkar kimi Azərbaycan muğamlarının spesifik xüsusiyyətini qavramağı yaxşı bacarmışdı. “SSRİ xalqlarının musiqi tarixi”ndə (c.3, M.,1972) çox dəqiq göstərilir ki: A.Xaçaturyanın “Qayane” əsərində “xalq musiqisi yalnız folklordan alınmış mövzularda səslənmir. Bu musiqi baletin bütün partiturasına, bəstəkarın bütün şəxsi orijinal mövzularına daxil olub. İ. Proxorov və Q. Skudina “Sovet musiqi mədəniyyəti” əsərində xüsusi qeyd etmişlər ki, “Qayane” baletində erməniləşdirilmiş “Şalaxo” və “Uzundərə” Azərbaycan rəqslərindən də geniş istifadə olunub.
Bunu aydınca sezən tənqidçi Q. Xubov yazırdı ki, “Xaçaturyan da hamı kimi, sadə oxşatmadan başlamışdır” (Q. Xubov “Aram Xaçaturyan”). Əslən Tiflisdən olan A.Xaçaturyanın özünün isə belə bir etirafı var: “Mən erkən uşaq yaşlarımdan çoxlu sayda erməni və Azərbaycan mahnılarını bilən anamın oxumağını eşitmişdim. Sonralar mənim musiqi zövqüm və biliklərim nə qədər dəyişsə və təkmilləşsə də, uşaqlıq dövrümdə xalq incəsənəti ilə canlı ünsiyyətdən qavradığım ilkin milli əsas sonrakı yaradıcılığım üçün təbii bir mənbə olaraq qalıb”.
Bildirək ki, məşhur mütəxəssis A. Koroşşenko özünün “Şərq, daha çox Qafqaz musiqisi üzərində müşahidələr” əsərində yazırdı: “...ermənilərin özlərinin xalq musiqisi yoxdur” (“Moskva xəbərləri”,1896).
Qədim Azərbaycan nəğmələri nəinki erməni mühitində geniş istifadə edilir, nəinki toplanaraq arxivlərdə saxlanılır və imkan daxilində tərcümə olunur, həm də onlar digər folklor nümunələrimiz kimi, ermənilər tərəfindən nəşr olunurdu. Bir qayda olaraq, Azərbaycan yaradıcılıq nümunələri xarici mənbələrdə erməni yaradıcılıq məhsulları kimi təqdim olunurdu. R.Boyaçyan tərəfindən toplanmış və A.Seriyeks tərəfindən çapa hazırlanmış “Erməni xalq nəğmələri” kitabının Paris nəşrini misal kimi göstərmək olar. Bu kitabda nəşr olunanların əksər hissəsini orijinal mətnləri ilə verilmiş Azərbaycan xalq melodiyaları təşkil edir. XIX əsrin axırlarında nəşr olunmuş “Uzundərə” və “Ceyranı” Azərbaycan folklor rəqsləri bir neçə ildən sonra tam mənası ilə qədim erməni rəqsləri elan olunmuşdur. Məşhur Azərbaycan rəqsi “Şalaxo”da ermənilər tərəfindən elə bu cür mənimsənilmiş və 1959-cu ildə nəşr olunmuş “Musiqili ensiklopedik lüğət”də “erməni solo kişi rəqsi” kimi təqdim olunub.
Xalq musiqi folkloru haqqında biliklərin “dərinləşdirilməsi”, zaman göstərdiyi kimi, gələcək plagiatın “inkişafı” məqsədilə sovet dövründə, 1925-ci ildə İrəvanda Elm və İncəsənət İnstitutu yanında vəzifəsi xalq musiqisi və folklorunun toplanması və öyrənilməsi olan xüsusi bölmə yaradıldı. Bu bölməyə çoxsəsli klassik erməni musiqisinin banisi S.Komitasın (Soqomonyanın) şagirdi S.Məlikyan rəhbərlik edirdi. Çoxsaylı erməni tədqiqatlarında “Erməni musiqisinin dahisi” kimi təqdim olunan S.Komitasın özü isə 1959-cu ildə çapdan çıxmış “Ensiklopedik musiqili lüğət”ə uyğun olaraq, dini musiqi ilə aludəçilikdən savayı, üç mindən artıq mahnını yazıya köçürmüşdür ki, hazırda onlardan 500-ə yaxını saxlanılır. “Yes keza tesa” adı altında erməni xalq mahnısı kimi yazıya köçürülmüş həmin xalq musiqisindən biri qədim Azərbaycan mahnısı “Sarı gəlin”dir (“Etnoqrafik toplu”, c. 1, в„– 56). Başqa mahnılar sırasında o da S.Məlikyan tərəfindın Komitasın “Etnoqrafik toplusu”nda şərhlə nəşr olunmuşdur. Bu kompilyasiya “SSRİ xalqları musiqisi tarixi”ndə (c. 1, 1970) qeyd edildiyi kimi, sonralar bəstəkar K.Zaxaryanın işləməsində (təxminən ötən əsrin 30-cu illərində) verilmışdir. Bu musiqi oğurluğunun təkrarlanması ilə indi də qarşılaşırıq: həm müxtəlif xarici televiziya kanallarında, həm də xarici mətbuatda arabir sezdirilir ki, bu, “erməni xalq mahnısı”dır.

Mənbə: ANS PRESS

1 iyun 2015
GO BACK