Qadin.NET / “Quş qripi” ilə bağlı növbəti monitorinq başladı

“Quş qripi” ilə bağlı növbəti monitorinq başladı

 

 

Quş qripi ilə bağlı növbəti monitorinq başlayıb. Kənd Təsərrüfatı yanında Dövlət Baytarlıq Xidmətinin (DBNX) mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəlinin ANS PRESS-ə verdiyi məlumata görə, quş qripinin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayan xidmət ölkə miqyasında ardıcıl monitorinqləri davam etdirir. Köçəri quşların yaz miqrasiyası nəzərə alınaraq iyunun 1-dən növbəti monitorinq başlayıb. 
Monitorinq DBNX-nin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır.
Nəzarət tədbirinin köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi planlaşdırılır.
Ölkə ərazisində köçəri və ev quşlarına görə aparılacaq monitorinq zamanı götürüləcək qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq. Nəticələr isə iyunun 11-də ictimaiyyət üçün açıqlanacaq.
Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, hazırda quş qripi xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyin qoruyub saxlamaq üçün Dövlət Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirləri davam etdirir.

 

Mənbə: ANS PRESS

2 iyun 2015
GO BACK