Gənclər və idman naziri Azad Rəhimov açılışına sayılı günlər qalmış Bakı Avropa Oyunları ərəfəsində Avropanın populyar “EurAktiv” portalının baş redaktoru Georgi Gotevə müsahibə verib.
Nazir Avropa Oyunlarına hazırlıqdan, yarışların büdcəsindən və bu oyunların Azərbaycana nə verə biləcəyindən danışıb.
“Bu oyunlar cəmi 23 il əvvəl müstəqilliyini elan etmiş ölkə üçün özünə Avropanın xəritəsində yer etmək üçün çox mühümdür. Çox tez-tez soruşurlar: “Azərbaycan harada yerləşir?”. Bakıda keçirilən 2012-ci il “Eurovision” yarışmasından və indiki Avropa Oyunlarından sonra insanların çoxu bu sualın cavabını biləcək”- deyə nazir bildirib.
Azad Rəhimov deyib ki, olimpiya oyunlarını təşkil etmək istənilən ölkə üçün bahalı işdir. Bəzən Olimpiya Federasiyasının tələbləri çox yüksək olur. Məsələn, olimpiya üzgüçülük hovuzunun zalı ən azı 15 min adam tutmalıdır.Su İdmanı Mərkəzi
“Əlbəttə, belə zalı tikmək çox bahalı işdir. Bakının üstünlüyü isə odur ki, biz əsasən mövcud idman meydançalarına kökləndik, orada bərpa işləri apardıq. Biz “Cristal Hall” kimi çoxfunksiyalı mərkəzlərdən istifadə edirik. İndi bu yerdə Avropa Oyunlarının beş növ üzrə yarışları keçiriləcək. Biz həmçinin yeni binalar tikdik. Ancaq son iki ildə tikdiyimiz üç böyük idman arenası oldu - Olimpiya futbol stadionu, Su İdmanı Mərkəzi və Atıcılıq Mərkəzi. Hansı ki, bunların hər üçünün tikintisi ideyası Avropa Oyunlarından əvvəl meydana çıxmışdı. Yəni onlar Avropa Oyunları üçün tikilməyib”- deyə Azad Rəhimov bildirib.Olimpiya stadionu
Bəs Avropa Oyunlarının keçiriləcəyi idman qurğularının sonrakı taleyi necə olacaq?
Jurnalist Afinada 2004-cü il Olimpiya Oyunları üçün tikilmiş idman arenalarının indiki vəziyyətini əks etdirən sənədli filmə baxdığını deyib.
“Bu obyektlər o dərəcədə dəhşətli kökə düşüb ki, sanki nüvə müharibəsindən sonrakı dünyanın təsvirlərini xatırladır. Təhlükə varmı ki, Bakıda da belə olacaq?”- deyə Georgi Gotev sual edib.
Nazir bu suala belə cavab verib: “Bu sual yeni tikilən üç arenaya aiddir. Mən əminəm ki, Su İdmanı Mərkəzi tamaşaçılarla tam dolu olacaq və xərclərini ödəyəcək. Atıcılıq Mərkəzində də belə olacağını gözləyirik, hansı ki, insanlar bu mərkəzdən üzvlük haqqı ödəmədən istifadə edə biləcəklər. Yeganə böyük risk Olimpiya futbol stadionu ilə bağlıdır, çünki çox nəhəng arenadır”.Azad Rəhimov Avropa Oyunlarının büdcəsi haqda da danışıb. Bildirib ki, əslində bu oyunlar üçün üç ayrı büdcə var. Biri infrastruktur büdcəsidir ki, Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir. İkinci büdcə tikinti üçündür.Atıcılıq Mərkəzi
“Üçüncü büdcə isə əməliyyat xərcləri üçündür. Bu, 960 milyon manat (820 milyon avro) həcmindədir. Mən fəxrlə deyə bilərəm ki, biz bu büdcəni israf etmirik. Digər olimpiya oyunlarının təcrübəsindən məlumdur ki, planlaşdırılmış büdcə nəzarətdən çıxır. Lakin biz vəsaitin bir hissəsinə qənaət etmək imkanında olacağıq”- deyə A.Rəhimov bildirib.
Nazir onu da deyib ki, işlər qrafik üzrə gedir. İdman obyektlərinin hamısı hazırdır, otellər hazırdır. Hazırda davam edən yeganə iş təhlükəsizlik yoxlamaları, generatorlar, İT texnologiyaları üçün nəzərdə tutulan xüsusi çadırların quraşdırılması, digər bu kimi müvəqqəti obyektlərin hazırlanmasıdır.
“Bu işlər sonuncu günə qədər davam edəcək, ancaq bu, normaldır”.
Mənbə: ANS PRESS