"Bakılı oğlanlar" ("Parni iz Baku") Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanovun xatirəsi Rusiyanın paytaxtı Moskvada anılıb. ANS PRESS-in Moskva müxbirinin verdiyi məlumata görə, Emmanuil Vitorgan mədəniyyət mərkəzində baş tutaan mərasimdə onun ən yaxın dostları, ailə üzvləri iştirak edirdi. Onların arasında ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev ve ANS kanalının baş direktoru Mirşahin Ağayev də olub.
Tədbirdə millət vəkili Elmira Axundovanın ön söz yazdığı, şən və hazırcavablar klubunun kapitanı, güclü intellekti ilə seçilən Anar Məmmədxanova həsr edilən "Özünə sadiqlik" və "Heç nə üçün peşman deyiləm" adlı kitabları təqdim edilib.
"Özünə sadiqlik" kitabında görkəmli siyasətçi və ictimai xadim, əfsanəvi kapitanının müxtəlif vaxtlarda çap olunmuş və ən aktual problemlərə toxunan analitik məqalələri, esseləri, şərhləri, açıq məktubları daxil edilib.
Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfəri Polad Bülbüloğlu "Parni iz Baku" komandasının yaranmasından bəhs edərək Heydər Əliyevin bu komandaya böyük yumor hissiylə yanaşdığını xatırladıb.
"Bir insanın danışığının eşidilməsi üçün əvvəla insanlar onu eşitmək istəməlidirlər. Hamı danışır. Ama heç də hamı eşidilmir. Cəmiyyətdə elə bir mövqe tutmaq lazımdır ki, səni eşitsinlər. Anar belə bir mövqe tutmuşdu".
E.Axundova da Anarın vətən sevgisi, siyasi və ictimai fəaliyyəti barədə qonaqlara məəlumat verib.
Komandanın keçmiş üzvləri də A.Məmmədxanovla bağlı xatirələrini bölüşüblər.
Samir Abdullayevin sözlərinə görə, məhz Anar Məmmədxanovun bacarığı, vətən sevgisi belə bir komandanı qurmağa və bu komanda ilə Azərbaycana qələbələr qazandırmağa imkan verdi. "Bir tək buna görə belə indiki gənclər Anarı unutmamalı və onu hörmətlə yad etməlidirlər".
"Bolşoy teatr"ın solisti Elçin Əzizov da keçmiş kapitan barədə danışıb. "Anarın böyüklüyü sadəcə "Parni iz Baku"nu qurmaq və gəncləri onun ətrafında birləşdirməkdən ibarət deyildi. O, həm də hər zaman yeni ideyalarla çıxış edirdi. Bu ideyalar onun çox sevdiyi Azərbaycanın iqtisadiyyatı və digər sahələri ilə də bağlı idi".
Mənbə: ANS PRESS