İSB-dən ANS PRESS-ə verilən məlumata görə, 28 May 2015-ci il tarixində Polşanın Sopot şəhərində keçirilən Bürolar Şurasının növbəti Baş Assambleyasında Azərbaycanın “Yaşıl Kart” Beynəlxalq Sığorta sisteminə qəbul olunması və 1 yanvar 2016-cı il tarixindən fəaliyyətə başlanması təsdiqlənib. Sevindirici haldır ki, Azərbaycanın “Yaşıl Kart” sisteminə qoşulması 28 May Respublika Gününə təsadüf edib.
Yaşıl Kart sistemi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında Sazişdir.
Sistemin əsas məqsədi onun üzvü olan istənilən ölkəyə səfər edən xarici avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin onların mənsub olduğu ölkənin milli qanunvericiliyə uyğun qaydada sığortalanması ilə səyahət etdikləri ölkələrdə törətdikləri yol-nəqliyyat hadisələri nəticəsində vurduqları zərərin əvəzinin hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyinə uyğun qaydada ödənilməsini təmin etməkdən ibarətdir. Bu sistemə əsasən Avropa ölkələri olmaqla 47 ölkə daxildir və Azərbaycanın üzvlüyü ilə iştirakçıların sayı 48-ə çatıb.
Mənbə: ANS PRESS