Qadin.NET / Azərbaycanda 90 557 şagird məktəblə vidalaşır

Azərbaycanda 90 557 şagird məktəblə vidalaşır

Azərbaycanda 90 557 şagird məktəblə vidalaşır
Bu gün Azərbaycanın ümumtəhsil məktəblərində “Son zəng” günü qeyd edilir. 2014-2015-ci tədris ilində ölkəmizin ümumi təhsil müəssisələrinin XI siniflərini 90 557 şagird bitirir. Onlardan 20 min 501 nəfəri isə Bakının payına düşür. 
Bir çox məktəblər kimi Yasamal rayonunda yerləşən 132 saylı orta məktəbdə də “Son zəng” tədbiri təmtəraqlı təşkil edilib.
Bu məktəbdə 89 şagird üçün çalınan son zəng xüsusi şəkildə təşkil edilmişdi. Şagirdlərin üzündəki sevinc və həyəcan hissi bir-birinə qarışmışdı.
“Son zəng”də müəllimlərilə vidalaşan şagirdlərlə yanaşı, deyib-gülən, əylənən, dostları ilə xatirə fotoları çəkdirənlər də var idi. 
Qeyd edək ki, 5 günlük məktəblərdə sonuncu zəng mayın 29-da, 6 günlük məktəbdə isə ayın 30-də keçiriləcək. Təhsil Nazirliyindən bildirdilər ki, hər il olduğu kimi bu ildə son zəng ancaq məktəblərdə qeyd olunacaq.
Paytaxtın orta məktəblərində təşkil ediləcək “Son zəng” tədbirləri ilə əlaqədar yol polisi 29-u və 30-u may tarixlərində gücləndirilmiş iş rejiminə keçəcək.

Mənbə: ANS PRESS

29 may 2015
GO BACK