“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi 28 May - Respublika Günü münasibətilə əhali arasında fotomüsabiqə elan edir.
Əməliyyat Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, “Mən Azərbaycanı sevirəm” adı altında keçirilən müsabiqənin məqsədi ölkəmizin ən maraqlı, ən çox sevilən məkanlarının fotoşəklinin çəkilməsi və paylaşılmasıdır.
Birinci Avropa Oyunlarının bağlanış mərasiminə iki bilet və bir ədəd “Samsung Galaxy Camera” telefonu qazanmaq istəyən hər kəs müsabiqədə iştirak edə bilər.
Müsabiqədə iştirak etmək istəyən şəxs “#baku2015” yazısı ilə birlikdə Azərbaycanın ən çox sevdiyi istənilən yerində şəkil çəkdirməlidir. Müsabiqə iştirakçısı olmaq üçün həmin şəkli “#baku2015”, “#iloveazerbaijan” və “#biginbaku” həştəqlərindən istifadə edərək Twitter və Instagram səhifələrində paylaşmaq kifayətdir.
Müsabiqənin ilk mərhələsi mayın 28-dən iyunun 18-dək davam edəcək. İyunun 18-dən 20-dək “Bakı- 2015” elçiləri 5 ən yaxşı şəkli seçəcəklər. Seçilmiş fotolar iyunun 20-dən 26-dək səsvermə üçün “Bakı-2015” Facebook səhifəsində paylaşılacaq.
“Bakı-2015” qalibin seçilməsi üçün bütün Facebook izləyicilərini ən maraqlı fotoşəkli bəyənməklə səsvermədə iştiraka dəvət edir. İzləyicilər tərəfindən ən çox bəyənilən fotoşəkil qalib seçiləcək.
Mənbə: ANS PRESS