Qadin.NET / Aida Mahmudovanın sərgisi Nyu Yorkda

Aida Mahmudovanın sərgisi Nyu Yorkda

 

 

Nyu-Yorkdakı “Leila Heller” Qalereyasında (568 West 25 Street) azərbaycanlı rəssam, YARAT Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudovanın “Ötüb keçərkən...” (“Passing By…”) adlı fərdi sərgisi açılır. Sərgi iyulun 3-dək davam edəcək.
Qalereya Nyu-Yorkun Çelsi rayonunda yerləşir və dünya incəsənət aləminə məşhur və nüfuzlu sərgiləri ilə tanışdır. Bu qalereya Yaxın Şərq və Orta Asiyanı təmsil edən müəllifləri müasir incəsənət (art) məkanında dünyada tanıtmaq, dəstəkləmək, təbliğ etmək missiyalarını yerinə yetirir. Qalereyanın təmsil etdiyi rəssamlar dünya art məkanında artıq məşhur adlardır. Onların əsərləri Londonun “Viktoriya və Albert”, Nyu-Yorkun “Metropoliten” muzeylərində, Parisin “George Pompidou” Mədəniyyət Mərkəzində sərgilənir. 
“Ötüb keçərkən...” sərgisində Aida Mahmudovanın 8 irihəcmli rəsm tablosu təqdim olunur. Əsərlər daimi və sürətli dəyişikliklərə məruz qalan bir arxa planı - Azərbaycanın təbii şəraitini, şəhər mühitinin lirik ab-havasını görməyə və hiss etməyə imkan verir. Zərif nostalji hissi ilə aşıb-daşan əsərlərində şəhər və Abşeron mənzərələrinə sosial-antropoloji baxışlar öz əksini tapır.
“Yaddaş mənim işimin materialımdır”, – deyən Aida Mahmudova özünün incəsənət əsərlərində dəqiq təhlil apararkən tez-tez bu ifadəni işlədir.
Qeyd edək ki, azərbaycanlı rəssam Aida Mahmudova Sent Martins İncəsənət və Dizayn mərkəzi kollecinin məzunudur. Onun əsərləri Bakı ilə yanaşı, dünyanın bir çox ölkələrində geniş sərgilənib. Rəssamın dəniz mənzərələri “VITA VITALE” qrup sərgisinin bir hissəsi kimi 56-cı Venesiya Biennalesində təqdim olunub. 
Aida Mahmudova 2011-ci ildən YARAT Müasir İncəsənət Məkanının təsisçisi və bədii rəhbəridir. YARAT ölkəmizdə Azərbaycanda müasir incəsənətin ictimai dərki və incəsənətimizin ölkə daxilində və beynəlxalq səviyyədə təbliği ilə məşğuldur.

 

Mənbə: ANS PRESS

28 may 2015
GO BACK