2015-ci il I Avropa Oyunları ilə əlaqədar Bakıya səyyar qida laboratoriyaları gətirilib. ANS TV-nin məlumatına görə, bundan sonra qidalar səyyar maşınlar vasitəsilə yoxlanılacaq. Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətin rəhbəri Fazil Talıblı bildirdi ki, bu səyyar laboratoriyalar vasitəsilə qidaların keyfiyyəti elə yerindəcə yoxlanılacaq.
Bu həm vaxt itkisinin qarşısını alacaq, həm də operativlik baxımından daha da tezləşəcək. Artıq iki belə laboratoriya gətirilib. Sözügedən laboratoriyalar İsveçrə, İngiltərə, Almaniya kimi ölkələrin istehsal etdiyi avadanlıqlarla təchiz olunub.
Fazil Talıblı onu da əlavə edib ki, bu laboratoriyalar vasitəsilə operativ şəkildə, mağaza və restoranlarda ərzaqların keyfiyyəti yoxlanacaq.
Laboratoriyalar həmçinin bütün qida məhsullarında, o cümlədən suda operativ şəkildə keyfiyyətə nəzarət etməyə imkan verəcək. Həmin laboratoriyada qida məhsullarının ölkəmizdə qüvvədə olan eləcə də beynəlxalq standarlarda da qeyd olunan keyfiyyətə uyğun fiziki, kimyəvi və mikrobioloji, o cümlədən insan sağlamlığı üçün təhlükəli mikrotoksinlərin təyini üzrə sınaqlar aparılıb. Yaxın vaxtlarda 4 yeni belə laboratoriyaların gətirilməsi planaşdırılır.
Mənbə: ANS PRESS