ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Dövlət başçısı Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxışı zamanı söyləyib ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Erməni lobbisinin çirkin səylərinə baxmayaraq, biz son illər apardığımız siyasət nəticəsində Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu sübut edə bilmişik.
Prezident deyib ki, Dağlıq Qarabağ bütün beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır və biz BMT-yə üzv olduqda bütün dünya tərəfindən siyasi müstəvidə Dağlıq Qarabağ da Azərbaycanın tərkib hissəsi, parçası kimi qəbul edilib. Bu gün Azərbaycanın siyasi çəkisi Ermənistanın çəkisi ilə müqayisəedilməz səviyyədədir. Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından ən azı 10 dəfə böyükdür və güclüdür.
İ.Əliyev xatırladıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Postsovet məkanında buna oxşar münaqişələrlə bağlı BMT Təhlükəsizlik Şurası heç bir qətnamə qəbul etməyib. Ancaq bu məsələ ilə bağlı qəbul edilib və orada da açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyri-şərtsiz çıxmalıdır. Ermənistan bunu təhrif etməyə nə qədər çalışsa da, mümkün deyil, çünki bu yazılıb və dərc edilib.
Mənbə: ANS PRESS