Mayın 22-də cümə günü Riqada keçirilmiş "Şərq tərəfdaşlığı"nın Riqa sammiti əsas problemlərin sırasına yeni ziddiyyətli məqamlar əlavə etdi və bir sıra Avropaya inteqrasiya məsələlərinin həllində ümumi yanaşmaların məkanına çevrilə bilmədi.
Xatırladaq ki, dövlət başçılarının iştirakı ilə keçirilən sammitlər iki ildən bir baş tutur. Bundan əvvəlki sammit o qədər də sadə olmamışdı. Məhz həmin sammitdə Ukraynanın ovaxtkı prezidenti Viktor Yanukoviç Avropa İttifaqı ilə assosiasiya sazişini imzalamaqdan imtina etmiş və nəticədə, Maydanda siyasi rejimin dəyişilməsinə səbəb olan qarşıdurmalar başlamışdı. Elə həmin sammitdə Moldova və Gürcüstan Aİ ilə assosiasiya sazişini paraflamışdılar.Uzun çək-çevir və vurnuxmalardan sonra hətta Ermənistan da Avropa İttifaqına qoşulmağa razılaşmışdı. Həmin iclasda Belarus xarici işlər naziri səviyyəsində təmsil olunurdu. Azərbaycan məntiqli və qəti hərəkət etdi. Rəsmi Bakı lap əvvəldən bəyan etmişdi ki, Avropaya inteqrasiya siyasətinə sadiq qalmasına baxmayaraq, assosiasiya sazişini imzalamaq fikrində deyil.
Ötən dövr ərzində dünyadakı və keçmiş sovet məkanındakı vəziyyət əhəmiyyətli dəyişikliklərə məruz qalıb. Rusiyanın Aİ ilə münasibəti kəskin şəkildə pisləşib. Bununla yanaşı, Ukraynadakı hadisələr Brüsselin keçmiş sovet məkanındakı inteqrasiya layihələrinə daha ayıq və real yanaşmasına gətirib çıxarıb.Bu ilki sammitin özünün intriqası var idi. Uzun müzakirələrdən və mübahisələrdən sonra tərəflər birgə yekun bəyannamə imzaladılar. Bu sənəd Aİ-nin bütün tərəfdaşların ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləməyə sadiq olduğunu xüsusi vurğulayır. Bu sənədi ölkəmiz də imzalayıb. Burada Avropa İttifaqı Şurasının sədri Donald Tuskun Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək müvafiq xahişi etməsi mühüm rol oynayıb. Azərbaycanın iştirakı olmadan sənədin ümumi deklarativ müddəalarını hazırlamaq mümkün deyildi.
Sənədi imzalayaraq Azərbaycan onun bir sıra maddələrinə öz qeydlərini və xüsusi fikirlərini də bildirib. Bu, tamamilə əsaslı və məntiqlidir. Bəyannamə Azərbaycan-Avropa əməkdaşlığının ruhunu əks etdirmir və rəsmi Bakı bəyan edib ki, Avropa İttifaqının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə olan yanaşmasından narazıdır. Sammit başa çatdıqdan sonra Azərbaycanın Xarici İşlər Nazirliyi bəyannamənin mətni ilə bağlı müraciət hazırlayaraq Avropa İttifaqına göndərib. Müraciətdə xüsusi qeyd edilir ki, rəsmi Bakı hərbi təcavüz, ərazi bütövlüyünün pozulması və dövlətin suverenliyi məsələlərində heç bir güzəşt qəbul etmir."Tərəfdaş ölkələrin bir neçəsinin mənafeyinə toxunan münaqişələrlə bağlı güzəştli mətn hazırlamaq cəhdlərində layihənin müəllifləri beynəlxalq təcrübədə "ikili standartlar" adlanan məfhumdan qaça bilməyiblər", - Xarici İşlər Nazirliyinin müraciətində deyilir. Azərbaycan bəyan edib ki, həllinin əsasında BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin dayandığı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa İttifaqından aydın və birmənalı formalaşmış mövqe gözləyir. Bununla yanaşı, ölkəmiz Avropa İttifaqı ilə əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qədər inkişaf etdirmək niyyətindədir və bununla əlaqədar sammitin gedişində Aİ-nin rəsmi nümayəndələrinə müvafiq saziş layihəsi təqdim edildi. Beləliklə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun bəyan etdiyi kimi, rəsmi Bakı Avropa İttifaqı ilə əməkdaşlıqda şəxsi mövqeyini göstərdi."Əlbəttə ki, Aİ ilə əməkdaşlıqda bizim xüsusi mövqeyimiz var. Forumun yekun bəyannaməsi ilə bağlı narazılığımızı bildiririk, çünki o, Aİ-nin Azərbaycanla əməkdaşlığına uyğun gəlmir. Azərbaycan keçmiş sovet məkanında Avropa İttifaqı ilə uğurla və hərtərəfli əməkdaşlıq edən ölkədir. Amma bu sənəddə Azərbaycanla bağlı vəziyyət bu əməkdaşlığın ruhuna uyğun deyil", - Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həllinə olan münasibəti ilə bağlı narahatlığını dilə gətirən Novruz Məmmədov demişdir.Beləliklə, Azərbaycan Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin həllinə olan münasibəti ilə bağlı narazılığını ifadə etmiş və bəyannamənin Azərbaycan-Avropa əməkdaşlığının ruhunu əks etdirmədiyi faktını çatdırmağa cəhd etmişdir.Xatırladaq ki, "Şərq tərəfdaşlığı"nın altı ölkəsindən üçü münasibətlərin assosiasiya çərçivəsində inkişafı, ikisi azad ticarət zonası yaradılması çərçivəsində inkişafı yolunu seçib.
Azərbaycanın Avropa İttifaqı və ya hər hansı digər birliyin tərkibinə daxil olmaq deyil, beynəlxalq strukturlarla ikitərəfli əlaqələr səviyyəsində tərəfdaşlıq qurmaq niyyətində olması məlumdur.Hələ 2013-cü ilin sonunda Azərbaycan strateji tərəfdaşlıqla bağlı fərdi sazişin əvəzində "Şərq tərəfdaşlığı" proqramının bütün üzvlərinə təklif olunan assosiativ sazişdən imtina etmişdi.Faktiki olaraq, Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin həllinə olan yanaşmasından narazılığını bildirən və bəyannaməyə uzunmüddətli münaqişənin həlli yollarının daxil edilməsində israr edən Azərbaycan tərəfi "Şərq tərəfdaşlığı" sammitinin bəyannaməsi ilə bağlı xüsusi bəyanata nail oldu.Bununla da Azərbaycan aydın şəkildə göstərdi ki, bu ölkə üçün onun ərazi bütövlüyü hökumətin bütün xarici fəaliyyətlərində əsas məsələdir. Düşünürük ki, Brüsseldə və Avropa dövlətlərinin paytaxtlarında bunu eşidiblər, yaxşı anlayıblar və lazımi nəticə çıxarıblar. Avropa İttifaqı Şurasının sədri Donald Tuskun, bəyannamənin mətnində qeyd edilən ölkənin mövqeyinin Aİ-nin tərəfdaşlarına fərdi olaraq yanaşmalı olduğunu göstərməsi ilə bağlı bəyanat verdiyi mətbuat konfranslarının nəticələri də bunu sübut edir."Biz hamımız başa düşürük ki, Aİ və "Şərq tərəfdaşlığı" üçün bizə yeni vasitələr lazımdır", - deyə o bəyan edib. O həmçinin qeyd edib ki, sammitin iştirakçıları Aİ daxilində zidd mövqelərin uzlaşdırılması yollarının axtarışında çətinliklərin olduğunu etiraf edərək "sıx bağlılıqlarını" bir daha təsdiq ediblər.
Sammitdə Ermənistanın mövqeyi aciz və miskin görünürdü. Avrasiya İttifaqına qoşulan və dövlətlərin ərazi bütövlüyünün tanınması ilə bağlı Riqa bəyannaməsini imzalayan Ermənistan, xarici işlər naziri Edvard Nalbandyan vasitəsilə bəyan edir ki, sən demə, Qarabağın Azərbaycanın ərazi bütövlüyü məsələsi ilə heç bir əlaqəsi yoxdur?!Maraqlıdır ki, bəyannamədə söhbət tərəfdaş ölkələrdən gedirsə bu halda Ermənistan kimin ərazi bütövlüyünü nəzərdə tutur? Bəlkə Amerika Birləşmiş Ştatlarının və ya Cənubi Afrika Respublikasının, ya da Seyşel adalarının? Axı bu, hətta siyasi korluq deyil, coğrafi biliklərdə ciddi yetərsizlikdir.Sammitdə, həmçinin, əsas Avropa ölkələrinin rəhbərlərinin Rusiya ilə onsuz da gərgin olan münasibətləri korlamaq istəməmələri ilə bağlı narahatlıqları səsləndi.Məsələn, sammitin Kremlə qarşı yönəlmədiyini xüsusi vurğulayan Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel qeyd etdilər ki, "Şərq tərəfdaşlığı" proqramının təşəbbüslərini Aİ-nin şərqə doğru genişlənmək cəhdləri ilə qarışdırmaq lazım deyil.A.Merkel bildirdi ki, tərəfdaşlıq "Aİ-nin genişlənməsi deyil, yaxınlaşması vasitəsidir", F.Olland isə əlavə etdi ki, tərəfdaşlıq siyasətini "Rusiya ilə növbəti münaqişəyə" çevirmək lazım deyil.Ukrayna ilə Gürcüstan arasında viza rejimindən imtina məsələsinin həllində müəyyən güzəştə nail olmaq mümkün oldu. Riqada Kiyev və Tbilisi ilin sonunadək vəziyyəti təhlil etməyə söz verdilər və artıq 2016-cı ildə bu ölkələrin vətəndaşlarının Aİ ölkələrinə qısa müddətli vizasız səfərlər edə biləcəyini istisna etmədilər. Amma yalnız üç ay müddətinə. Bununla yanaşı, bütün bunlar gələcəkdə baş verəcək. Ukrayna üçün viza məsələsində çoxsaylı çətinliklər yarana bilər. Bunlardan biri sərhədlərə nəzarətdir. Hazırda Kiyev şərqdə Rusiya ilə həmsərhəd yüzlərlə kilometrə nəzarət etmir. Və bu Aİ ilə viza rejimindən imtina məsələsində ciddi problemdir.
Ümumiyyətlə, Riqada tərəfdaş ölkələrin nümayəndələri böyük "fərqləndirmə" ilə bağlı istəklərini dilə gətirdilər.Ölkəmiz bir daha göstərdi ki, daxili siyasətə və siyasi sistemə hər hansı xarici müdaxiləni rədd edir. Eyni zamanda, Aİ ölkələri yaxşı başa düşürlər ki, onlar Azərbaycandan, Azərbaycanın onlardan asılı olmasından daha çox asılıdırlar. Buna görə də Azərbaycanın enerji mənbələrinin tədarükü baxımından Aİ ilə Azərbaycan arasındakı münasibətlərin pozulması üçün hər hansı cəhdin olmasını təsəvvür etmək belə çətindir."Şərq tərəfdaşlığı"nın altı illik fəaliyyətinin yekunlarını ümumiləşdirərək qeyd etmək lazımdır ki, proqramın nəticələrinin qiymətləndirilməsi hətta Avropanın özündə belə ümidverici və nikbin deyil. Məsələn, İtaliyanın Beynəlxalq əlaqələr institutunun hesabatında deyilir ki, "Şərq tərəfdaşlığı"nın sabitliyi, təhlükəsizliyi və regional əməkdaşlığı möhkəmləndirmək vasitəsinə çevriləcəyi barədə ümidlərə baxmayaraq, bu, hələ də baş verməyib.Və bu, böyük ölçüdə əsas Avropa ölkələrinin tətbiq etdiyi "ikili standartlar"ın ümumi sxeminin nəticəsidir.
Mənbə: Milli.Az