Gəncə tarix boyu dilindən və dinindən asılı olmayaraq, müxtəlif xalqların nümayəndələrinə ev sahibliyi edib. Buna şəhərin ərazisində qorunub saxlanılan tarixi abidələr də dəlalət edir. Qarşıdakı videomaterialda vaxtı ilə Gəncədə inşa edilən bəzi alman məbədləri və kilsələr, onların tarixi və bu günü haqda məlumat alacaqsınız.
Kəpəz TV (Region TV) xəbər verir ki, 4000 illik tarixə malik olan Gəncə ərazisi tarixi abidələrlə zəngindir. Şəhərdə olan abidələr Mədəniyyət və Turizm İdarəsinin mühafizəçiləri tərəfindən qorunur. Tamella Əliyeva - Mədəniyyət və Turizm İdarəsinin tarixi abidələr mühafizəçisi: "Gəncə şəhərinin ərazisində 258 tarixi abidə var. Onlardan 2-si kilsə, 2-si alban məbədidir. Hazırki kamera orkestrinin yerləşdiyi məbəd ölkə əhəmiyyətli, digər üçü isə yerli əhəmiyyətli tarixi abidə hesab olunur".Gəncə Dövlət Kamera Orkestrinin fəaliyyət göstərdiyi bina V-VII əsrlərdə inşa edilən alban məbədlərindən biridir. Müqəddəs İohann Kilsəsi kimi tanınıb. XVII əsrdə bərpa edilən binanın inşasında qırmızı tuf daşından istifadə olunub. Gəncə Dövlət Kukla Teatrının istifadəsində olan bina. XIX əsrə aid tarixi-memarlıq abidəsi olan tikili 1885-ci ildə almanlar tərəfindən lüteran kilsəsi kimi inşa edilib. 1818-ci ildə Gəncəyə gətirilən almanlar tərəfindən inşa edilən bu tikili də əsasən tuf daşından inşa edilib. Ümumi sahəsi 650 kvadrat metr olan bina 1 zal, 1 foye və 15 otaqdan ibarətdir.Aleksadr Nevski kilsəsi... Bu tarixi bina 1887-ci ildə köhnə qəbristanlığın yerində həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına inşa edilib. Kilsənin inşasında Gəncə memarlığına xas olan qırmızı kərpicdən istifadə edilsə də, bina Bizans memarlıq üslubunda tikilib. Bolşevik inqilabına qədər bu məbəd Baş kilsə statusuna malik olub. XX əsrin əvvəllərində kilsə Sovet hakimiyyəti tərəfindən bağlanılıb və başqa məqsədlər üçün istifadə olunub.Məbəd Rus Pravoslav kilsəsinə yalnız 1946-cı ildə qaytarılıb. Bina günümüzdə də Qərb bölgəsində yaşayan pravoslavların ibadət məkanıdır. Burada həm dini ayinlər, həm də pravoslav bayramları qeyd edilir. Bu binalar keçmişin tozlu səhifələrində gizli qalan tarixin görünən hissəsidir. Şəhərin dolanbaclı küçələrində gizlənən yüzlərlə qədim bina, kim bilir, özündə hansı tarixi faktları, hansı gizli məqamları saxlayır. Daş məbədlər susur, oxunmağı, tarixin qaranlıq səhifələrini aydınlatmağı gözləyirmiş kimi...
Mənbə: Milli.Az