Qadin.NET / Bakıda "Qızılgül" sərgisi açılıb

Bakıda "Qızılgül" sərgisi açılıb

Bakıda "Qızılgül" sərgisi açılıb
AMEA Mərkəzi Nəbatat Bağında “Qızılgül” sərgisinin açılış mərasimi olub. Mərasimdə AMEA Rəyasət Heyəti, respublika və müxtəlif beynəlxalq təşkilatlardan olan nümayəndələr iştirak ediblər. 
ANS PRESS xəbər verir ki, sərginin təşkilində məqsəd Azərbaycanda botanika elminin təbliği, bu sahədə əldə edilmiş nailiyyətlərin nümayişi, gənclərə təbiətə sevgi və diqqət hisslərini aşılamaq, o cümlədən, qızılgül həvəskarlarını yeni sortlarla tanış etməkdir.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq sərginin əhəmiyyətindən danışıb. O, qızılgül sortları ilə bağlı məlumat verib ki, yeni araşdırmalar, elmi-tədqiqat işləri nəticəsində qızılgüllərin tərkibi müxtəlif seleksiyalar üzrə təzələnir, yeni növlər əldə olunur. Cənubi Qafqazda ən böyük qızılgül kolleksiyalarından biri məhz Mərkəzi Nəbatat Bağında yerləşir. Belə sərgilərin mütəmadi olaraq keçirilməsi zəruridir. Qızılgül növlərinin yetişdirilməsi sahəsində təbliğat işləri genişləndirilməli, ictimaiyyət bu barədə ətraflı məlumatlandırılmalıdır.
Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə Mərkəzi Nəbatat Bağında 35 il ərzində dünyanın müxtəlif ölkələrindən qızılgüllərin introduksiyası, yerli sortlarla hibridləşdirilməsi və seleksiyası üsulları ilə bağlı elmi-tədqiqat işlərinin aparıldığını, bu istiqamətdə aparılan işlərin nəticəsində Bağın qızılgül sahəsində müxtəlif qruplardan olan bağ qızılgüllərinin 1000-ə qədər növ, sort və formalarının toplandığını, Mərkəzi Nəbatat Bağının qızılgül növlərinin öyrənilməsi sahəsində çoxillik və zəngin təcrübəyə malik olduğunu deyib. O bildirib ki, Mərkəzi Nəbatat Bağının Çiçəkçilik laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsələ doktoru Asəf İsgəndərov uzun illərdir qızılgül sortlarının yetişdirilməsi ilə məşğul olur və bu istiqamətdə müsbət nəticələr əldə edib.
Sərgidə, həmçinin, Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi çıxış etdi. Nümayiş etdirilən qızılgül sortlarını böyük maraqla qarşılayan səfir, sərgidə iştirak etməkdən məmnun olduğunu dilə gətirdi. O, Azərbaycanda bu sahədə əldə olunan nailiyyətləri yüksək qiymətləndirərək, qızılgüllərin yetişdirilməsi ilə məşğul olan tədqiqatçılara fəaliyyətlərində uğurlar arzuladı.
Sonda qızılgül kolleksiyasının kuratoru Asəf İsgəndərov bu sahədə introduksiya işlərinə 1970-ci ildən, qızılgüllərin seleksiya və hibridləşdirilməsinə isə 2006-cı ildən başladığını qeyd edərək, uzunmüddətli araşdırmalardan sonra qızılgülün yeni növlərinin əldə olunmasına nail olduğunu bildirdi. Seleksiya üsulu ilə yetişdirilmiş yeni qızılgül sortlarının regional və beynəlxalq gül sərgilərində nümayiş etdirilməsinin zəruriliyini vurğulayıb. O, AMEA Mərkəzi Nəbatat Bağının qızılgül kolleksiyasında toplanmış müxtəlif bağ qruplarına mənsub olan qızılgül sortları haqqında da məlumat verib. Onun sözlərinə görə, bu sortlar əsasən seleksiya və hibridləşdirmə üsulu ilə yetişdirilib.
Xatırladaq ki, beynəlxalq standartlara uyğun 350-dən çox qızılgül sortlarından ibarət sərgi Nəbatat Bağının 900 m2 xüsusi ayrılmış ərazisində nümayiş etdirilir.

Mənbə: ANS PRESS

26 may 2015
GO BACK