Kaliforniya ştatının Qərbi Hollivud şəhəri 28 may, 2015-ci il tarixini “Azərbaycan Milli Günü” elan edib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan ANS PRESS-ə verilən məlumata görə, bununla bağlı şəhər meri Lindsey Horvath və şəhər şurasının üzvləri tərəfindən müvafiq bəyannamə qəbul edilib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə, Azərbaycanın 1918-ci il mayın 28-də müstəqilliyini elan edərək, demokratik respublika təsis etdiyi və İslam dünyasında ilk dünyəvi parlamentli respublika qurduğu bildirilir. Həmçinin qeyd olunur ki, bu respublika ABŞ və digər demokratik dövlətlər tərəfindən tanınmışdı.
Bildirilir ki, ADR dövründə dini etiqadından, cinsindən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara səsvermə hüququ verib. Nəzərə çatdırılır ki, Azərbaycanda qadınlara səsvermə hüququ ABŞ-dan da bir il öncə verilib.
Ötən 20 il ərzində Azərbaycanın öz suverenliyini və müstəqilliyini möhkəmləndirdiyi və mühüm önəmə malik Xəzər regionunda ABŞ-ın tərəfdaşına çevrildiyi vurğulanır.
Həmçinin qeyd olunur ki, ABŞ-da və dünyanın müxtəlif yerlərində yaşayan milyonlarla azərbaycanlı 28 may tarixini Milli Gün kimi qeyd edir.
Sonda 28 may tarixinin Qərbi Hollivud şəhərində “Azərbaycan Milli Günü” olduğu bəyan edilir və bütün şəhər sakinləri bu bayramı qeyd etməyə dəvət edilir.
Mənbə: ANS PRESS