Bu gün paytaxtımız üçün yeni istirahət mərkəzi - Böyükşor bulvarının və parkı istifadəyə verildi.
ANS PRESS-in məlumatına görə, bulvar və park ərazisində neftlə çirklənmiş torpaqlar təmizlənib. Burada sahilboyu gəzinti zolağının uzunluğu 2,5 kilometrdir. Ümumi abadlıq işlərinin sahəsi 15 hektardan çoxdur. Burada idman və uşaq oyun meydançaları qurulub, qaçış və velosiped, o cümlədən yaşıllıq zolaqları salınıb. Göldə fəvvarələr quraşdırılıb. Suyun səviyyəsinin və keyfiyyətinin idarə edilməsi üçün avtomatlaşdırılmış nəzarət-monitorinq sistemi yaradılıb. Gölün davamlı təmizliyinin və mühafizəsinin təmin edilməsi üçün xüsusi avadanlıq quraşdırılıb.
Hələki gölün birinci mərhələsi üzrə tikinti işləri başa çatdırılıb. Gələcəkdə bura daha da genişləndiriləcək. Gölə neft sularının daxil olmasının qarşısının alınması üçün 1570 metr uzunluğunda xüsusi bənd inşa edilib. Bu bənd gələcəkdə 8 zolaqlı avtomobil yolunun özülü olacaq. Bənd gölü iki hissəyə ayırır və layihənin mərhələli icrasına şərait yaradır. Layihənin növbəti mərhələsində gölün digər tərəfinin təmizlənməsi işləri həyata keçiriləcək.
Xatırladaq ki, mayın 22-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Böyükşor bulvarının və parkının açılışında iştirak ediblər.
Mənbə: ANS PRESS