Qadin.NET / Sayımız 11 milyona çatacaq

Sayımız 11 milyona çatacaq

 

 

“Proqnoza əsasən 2025-ci ildə Azərbaycanda doğulanların sayının 205 min 300 nəfərə çatacağı, əhalinin sayının 10 milyon 970 min 300 nəfər təşkil edəcəyi gözlənilir.”
ANS PRESS-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlikdə keçirilən “Məlumat mübadiləsi saatı”nın növbəti iclasında deyib.
İclas həyat səviyyəsinin təhlili və aktuar hesablamalar, habelə Türkiyənin sədrlik etdiyi G20 iştirakçı-ölkələrinin Məşğulluq üzrə İşçi qrupu çərçivəsində keçirilən toplantılarda iştirakın təmin olunması sahəsində görülən işlərə həsr edilib. 
O, Azərbaycanda həyat səviyyəsinin yaxşılaşdırılması, sosial cəhətdən həssas qrupların sosial müdafiəsi məqsədilə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının uğurlu nəticələrini vurğulayıb.
S.Müslümov bildirib: “Məsələn, əmək bazarı ilə bağlı beynəlxalq göstəricilər əsasında aparılan təhlillər göstərir ki, hələ 2010-cü ildə Azərbaycanda məşğulluq səviyyəsi 61,2 faiz olmaqla Rusiyadakı 57,9 faiz, Türkiyədəki 43 faiz, Avropa İttifaqının üzvü olan Bolqarıstandakı 59,7 faiz, Latviyadakı 59,3 faiz və s. ölkələrdəki müvafiq göstəriciləri üstələyib. Sonrakı illərdə ölkəmizdə bu göstərici daha da yüksəlib, halbuki digər dövlətlər haqqında bunu demək olmaz.”
Nazir ölkəmizdəki işsizlik səviyyəsinin 4,9 faiz olmaqla, Avropa məkanındakı 11,5 faizlik, Avropa İttifaqındakı 10 faizlik göstəricidən aşağı olduğunu söyləyib: “Demoqrafik göstəricilər əsasında aparılan təhlillər isə ölkəmizin əhalisinin 2005-2015-ci ilə olan dövrdə 1 milyon 145 min 600 nəfər artdığını göstərir. Verilmiş statistik məlumatlar əsasında aparılmış proqnoza əsasən 2025-ci ildə doğulanların sayının 205300 nəfərə (təbii artım 1,34 faiz sabit qalmaqla) çatacağı, əhalinin sayının 10 milyon 970 min 300 nəfər təşkil edəcəyi gözlənilir.”
O, bununla belə doğulan uşaqların sayında gender disbalansının mövcud olduğunu, 2014-cü ildə ölkəmizdə doğulanların 53,6 faizini oğlanların, 46,4 faizini qız uşaqları təşkil etdiyini, bu disbalansın da orta perspektivdə əmək bazarına və sosial sferaya təsirinin araşdırılaraq qiymətləndirildiyini və müvafiq təkliflər hazırlandığını diqqətə çatdırıb. 
S.Müslümov vurğulayıb ki, məşğulluq səviyyəsinin və ümumən rifah göstəricilərinin yüksəlməsi əhalinin sayının getdikcə artması şəraitində ünvanlı dövlət sosial yardımı alanların sayının azalması ilə müşahidə olunur. Əgər 2008-ci ildə ölkədə bu yardımı alan ailələrin sayı 160 mindən yuxarı idisə, 2014-cü ilin sonunda bu rəqəm 92,5 minədək azalıb.
İclasda müzakirə olunan digər məsələyə toxunan S.Müslümov bildirib ki, Türkiyənin dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş 20 ölkəsini birləşdirən G20 qrupunun zirvə toplantısında, habelə müxtəlif səpkili toplantılarda Azərbaycan tam hüquqlu üzv kimi iştirak edir.
Sonda ƏƏSMN-nin Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsinin müdiri Azad Tağızadənin, Məşğulluq siyasəti şöbəsinin müdir müavini Rəna Abdullayevanın müvafiq sahələrdə görülən işlərə dair məlumatları dinlənilib və cari məsələlərə dair müzakirələr aparılıb.

 

Mənbə: ANS PRESS

21 may 2015
GO BACK