Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının qonşuluq və genişlənmə danışıqları üzrə komissarı Yohannes Hahna «Bir tərəfdən Azərbaycan Respublikası, digər tərəfdən Avropa İttifaqı arasında Strateji Tərəfdaşlıq haqqında Saziş» layihəsini təqdim edib.
Xarici İşlər Nazirliyindən ANS PRESS-ə verilən xəbərə görə, Azərbaycanın Avropa İttifaqının əksər üzv dövlətləri ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olduğu bildirilib. Bu sənəd əsasında Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın strateji müstəvidə inkişafı üçün imkanların yarana biləcəyi vurğulanıb.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar haqqında məlumat verən E. Məmmədyarov münaqişə ilə bağlı Azərbaycanın ədalətli mövqeyinə Avropa İttifaqı tərəfindən aydın və birmənalı mövqenin bildirilməsinin vacibliyini diqqətə çatdırıb.
Xatırladaq ki, saziş layihəsi nota ilə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Federika Moqeriniyə də təqdim olunub.
Mənbə: ANS PRESS