"İndi Avropa Oyunları, başqa tədbirlər bu faciə qarşısında heçə bərabərdir. Ona görə, ilk növbədə, bir daha demək istəyirəm ki, bütün buna oxşar materiallarla üzlənmiş binalardan dərhal nümunə götürülməlidir. Bu materiallar təhlil edilməlidir. Əgər orada təhlükə varsa, odadavamlı deyilsə, dərhal bütün binalarda üzlüklər sökülməlidir. Bunu tez bir zamanda etmək lazımdır. Bir həftə, maksimum iki həftə ərzində bütün binaların üzlükləri sökülməlidir, ondan sonra təmir olunar".ANS PRESS-in Dövlət Televiziyasına istinadən verdiyi məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Binəqədi rayonunda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının iclasında deyib.
Prezident bildirib ki, Nazirlər Kabineti tezliklə həm həlak olanların ailələrinə, həm də yaralılara göstəriləcək maddi köməyin həcmini müəyyən etməli və bununla bağlı təklif verməlidir: "Burada da yubanma olmasın, çox vaxt aparmasın. O vaxta qədər Bakı şəhər İcra Hakimiyyəti bütün qalan məsələləri öz üzərinə götürür".
Dövlət başçısı deyib ki, birincisi, həlak olanların ailələrinə maddi təminat verilməlidir: "Maddi təminat mənzil həcminə görə olmamalıdır. İkincisi, mənzillərin təmiri dövlət tərəfindən aparılmalıdır. Üçüncüsü, yaralananlara dövlət tərəfindən maddi təminat verilməlidir. Onun məbləği müəyyən edilməlidir və bütün yanmış mənzillərin ev əşyaları - mebeldən tutmuş qab-qacağa qədər dövlət tərəfindən yüksək səviyyədə təmin edilməlidir. Ona görə bütün siyahılar var ki, eyni zamanda evlərdə insanların sənədləri də yanıb. Onlar bərpa edilməlidir, Daxili İşlər Nazirliyi, “ASAN xidmət” və digər müvafiq qurumlar tezliklə bütün sənədləri bərpa etməlidirlər".
Mənbə: ANS PRESS