Qadin.NET / Yanan bina sakinlərinə vacib xəbər

Yanan bina sakinlərinə vacib xəbər

 

 

Ötən gün yanan binanın sakinlərinə dəyən ziyan tam ödəniləcək. 
ANS PRESS-in məlumatına görə, bu barədə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən rəsmi məlumat verilib.
Binəqədi rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın ANS PRESS-ə verdiyi məlumata görə, artıq dəymiş ziyanın qiymətləndirilməsi üçün xüsusi araşdırma komissiyası yaradılıb. Komissiyanın araşdırmalarından sonra sakinlərə dəyən ziyan müəyyən ediləcək. Hər kəsə dəymiş ziyanın müqabilində kompensasiya veriləcək.
Qeyd edək ki, bu barədə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov da sakinlər görüşü zamanı bildirib. Onun sözlərinə görə, sakinlərə siyahı əsasında öz evlərindən əşyalarını çıxarmağa da şərait yaradılacaq. X. İsgəndərov onu da qeyd edib ki, yanmış binanın sakinləri onlara ayrılan mənzillərdə qalmaq istəməsələr, onlara yaşamaq istədikləri evin kirayə haqqı ödəniləcək.
“Dünən cənab Prezident İlham Əliyevin xüsusi tapşırığı əsasında Binəqədidə xüsusi araşdırma komissiyası yaradılıb. Komissiya üçün qərargah yaradılıb. Həmin qərargaha müraciət edən 51 nəfərə ilk kömək üçün min manat pul ödənilib. Sakinlərə qalmaq üçün evlər təklif olunub. Bəziləri qohumlarının evlərinə getmək istəyib. Onlara da köməklik edilib”, - deyə Nuridə Allahyarova bildirib.
Qeyd edək ki, yanan binanın söküləcəyi və yaxud yenidən təmir olunacağı barədə isə araşdırmalardan sonram məlum olacaq. Nuridə Allahyarova həmçinin Binəqədi rayonu ərazisində yaşayış binalarının üstünə vurulmış penaplastların söküləcəyi barədə fikirlərə də münasibət bildirib. Onun sözlərinə görə, bu barədə xüsusi tapşırıq olduğu təqdirdə addım atılacaq.

 

Mənbə: ANS PRESS

20 may 2015
GO BACK