"Qitədə ilk dəfə təşkil ediləcək I Avropa Oyunları milli valyutaya tələbin artması baxımdan müsbətdir. Sözügedən oyunların Azərbaycanda keçirilməsi manata tələbin artmasına, eləcə də xarici valyuta təklifinin çoxalmasına səbəb olacaq".
ANS PRESS-in məlumatına görə, bunu iqtisadçı-alim Vüqar Bayramov söyləyib. O bildirib ki, Avropa Oyunları zamanı ölkəmizə bütövlükdə 100 mindən artıq əcnəbinin gələcəyi gözlənilir:
"Beynəlxalq standartlara görə, hər bir turistin Azərbaycanda olduğu hər həftədə 1000 dollar xərclədiyini nəzərə alsaq, bu o deməkdir ki, oyunlar keçirilən müddətdə orta hesabla ölkənin valyuta bazarına 200 milyon dollar əlavə vəsait daxil olacaq. Ölkəyə gələn turistlərin xarici valyutanı milli valyutaya çevirməsi manata tələbin artmasına və xarici valyuta təklifinin çoxalmasına səbəb olacaq".
Mütəxəssis hesab edir ki, aprel ayının ikinci yarısından başlayaraq xarici valyutalara tələbin azaldığını nəzərə aldıqda Mərkəzi Bank iyun üçün pronoqzlaşdırılan intervensiya xərclərinin bir hissəsinin turistlərin xərcləri hesabına qapaya bilər.
Mənbə: ANS PRESS