Qadin.NET / "Bu hadisə Azərbaycanın dünyada şöhrətini daha da artıracaq"

"Bu hadisə Azərbaycanın dünyada şöhrətini daha da artıracaq"

 

"Bu hadisə Azərbaycanın dünyada şöhrətini daha da artıracaq"

Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına az qaldığı bir vaxtda cəmiyyətin ziyalı təbəqəsi, tanınmış ictimai-siyasi xadimlər bu yarışla bağlı öz fikirlərini açıqlayır, Azərbaycanın böyük bir idman yarışına ev sahibliyi etməsini yüksək qiymətləndirdiklərini deyirlər. Biz də öz növbəmizdə Avropa Oyunlarıyla bağlı bir neçə tanınmış ziyalımızın fikrini öyrəndik.

 

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının fikrincə, Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizin Avropanın bir parçası olduğunu sübut edir: "Azərbaycan Avropanın bir hissəsidir və bu cür mötəbər tədbirin burada keçirilməsi böyük hadisədir. Avropa Oyunlarına görə böyük idman mərkəzləri tikildi. O mərkəzlər qısa müddətdə hazır oldu və bu oyunlardan sonra da Azərbaycana qalacaq. Gələcəkdəki beynəlxalq yarışlarda da onlardan istifadə ediləcək. Ona görə bu hadisəni çox yüksək qiymətləndirirəm".Millət vəkili Oyunlarla bağlı Qərb mətbuatında yer alan bəzi fikirləri qərəzli adlandırdı: "Qərbdəki ermənipərəst qüvvələrin bu oyunların Azərbaycanda keçirilməsi haqqında xoşagəlməz informasiya yayması Qərbin fikri demək deyil. Həmin fikirlər tək-tək adamların qərəzidir və heç bir əhəmiyyət kəsb etmir. Ölkəmizdə "Eurovision" mahnı müsabiqəsi keçiriləndə də bu cür qara piar aparılırdı, ancaq bu, heç nəyi dəyişmədi. Biz bilməliyik ki, müsəlman ölkəsiyik və böyük erməni lobbisi bizə qarşıdır. Mahnı müsabiqəsi kimi, ilk Avropa Oyunlarını da yüksək səviyyədə keçirməklə bütün danışılanların cavabını verəcəyik".Xalq şairi, Yazıçılar Birliyinin katibi Fikrət Qoca bu tədbirin ölkəmizi bir daha dünyaya tanıdacağına inanır: "Bu gün bütün dünya bizim sorağımıza, bizim vətənimizə gəlir. İdmançıların da hamısı gənclərdir. O gənclər gəlib ölkəmizlə tanış olacaq, gedib öz diyarlarında Azərbaycandan danışacaqlar. Bu yarışda yer tutsalar da, tutmasalar da, gördüklərindən, Azərbaycanın mənzərəsindən, insanlarından bəhs edəcəklər. Ümumiyyətlə, bu, böyük bir hadisədir. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi həm şərəfli, həm də çətin işdir. Gərək hamımız bu oyunlarda ölkəmizə dəstək olaq, iştirak edək. Gərək vətəndaşlarımız da turistlərin üzünə gülümsəyərək baxsınlar. Bunun özü belə böyük şeydir".Fikrət Qoca bu tədbirin Bakıda keçirilməsinə çox sevindiyini dedi: "Bu oyunlar Azərbaycanın dünyada reklamı olacaq. Buna ancaq və ancaq sevinmək olar. Bizim bir vətənimiz var, biz bu vətənin övladlarıyıq. Vətənimizlə bağlı bütün xoş hadisələrə sevinsək, yaxşıdır. Bizim evimiz buradır, buradan başqası yoxdur. Adama torpağı heç kim vermir. Hamı əksinə, bizdən torpaq qoparmaq istəyir. Ölkəmiz dünyəvi bir tədbir keçirir. Hamıya bir daha uğurlar arzu edirəm".Millət vəkili Nizami Cəfərov Avropa Oyunlarının Azərbaycan üçün üç mühüm əhəmiyyətini sadaladı: "Birincisi, İlk Avropa Oyunlarının Bakıda keçirilməsi qərarlaşdırılıbsa, bu, bəribaşdan Azərbaycanın nüfuzu deməkdir.İkincisi, ölkəmiz bu oyunlarla dünyada təbliğ olunacaq. Qərb bir daha biləcək ki, Azərbaycan dünya standartlarına cavab verən ölkədir. Əslində, artıq indiyə kimi çox böyük təbliğat gedib. Azərbaycan ilk Avropa Oyunlarının ev yiyəsi kimi dünyada təbliğ edilir, öyrənilir. Ölkəmizə çoxlu turistlər gəlir. Nəticə etibarilə Azərbaycan bu tədbirlə daha da məşhurlaşacaq. Bu işin öhdəsindən çox ləyaqətlə gələcəyik. Bütün hazırlıqlar bunun bariz göstəricisidir.Üçüncüsü, bu Oyunlar təsdiq edir ki, Azərbaycan idman ölkəsidir. Azərbaycanın çox tanınmış, qüdrətli idmançıları var. Ölkəmizdə bu idman ənənələri olmasaydı, idman infrastrukturu geniş yayılmasaydı, təbii ki, heç kimin ağlına gəlməzdi ki, Avropa Oyunları Azərbaycanda keçirilsin. Bu kimi cəhətlər göstərir ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi uğurlu seçimdir və bu hadisə Azərbaycanın dünyada şöhrətini daha da artıracaq".

Mənbə: Milli.Az

19 may 2015
GO BACK