Almaniyada yaşayan yəhudi əsilli xanım İnqeborq Rapoport 77 ildən sonra Hamburq Universitetində 102 yaşında doktorluq dissertasiyasını müdafiə edib.
ANS PRESS-in məlumatına görə, İnqeborq Rapoport Adolf Hitler hakimiyyətə gəldikdən beş il sonra - 1938-ci ildə 25 yaşında ikən difteriya xəstəliyi və onunla mübarizə mövzusunda hazırladığı elmi işini müdafiə şurasına təqdim etsə də, anası yəhudi olduğundan onu müdafiəyə buraxmayıblar. Buna həmin vaxtlar minlərlə müəllim və tələbə kimi onun da ali ari irqdən olmadığı səbəb göstərilib.
Yəhudilərə qarşı aparılan repressiyalardan ehtiyat edən ailə 1938-ci ildə Amerika Birləşmiş Ştatlarına köçüb. Orada xəstəxanada tibb bacısı kimi çalışan İnqeborq 1950-ci ildə ailəsi ilə birlikdə Avropaya qayıtsa da, elmi işini müəyyən səbəblər üzündən müdafiə etməyə imkan tapmayıb. Yalnız 1938-ci ildən 77 il keçdikdən sonra dissertasiya üzərində işləyərək yeni versiyasını müdafiə şurasına təqdim edib. Əsər yüksək qiymətləndirilərək müdafiəyə buraxılıb.
Müdafiə şurası 102 yaşlı qadının elmi işinin tibbin mühüm sahəsinə həsr olunduğunu nəzərə alaraq ona doktorluq elmi dərəcəsinin verilməsini qərara alıb.
Doktorluq dissertasiyası diplomunun bu il iyunun 9-da İnqeborq Rapoporta təqdim edilməsi ilə bağlı təntənəli tədbirin keçirilməsi qərara alınıb.
İnqeborq doktorluq elmi dərəcəsinə layiq görülən ən yaşlı qadın kimi Ginnessin rekordlar kitabına düşüb.
Mənbə:ANS PRESS