YUNESKO-nun sabiq baş direktoru Koişiro Matsuura, IRCICA - İslam Tarixi, İncəsənəti və Mədəniyyətinin Araşdırma Mərkəzinin baş direktoru Halit Eren, Belarusun mədəniyyət naziri Boris Svetlov, Gürcüstanlın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeil Giorqadze, Malayziyanın mədəniyyət və turizm naziri Dato Seri Məhəmməd Nəzri Bin Əbdul Əziz, Monteneqronun elm naziri Sanja Vlahoviç Forumda iştirak etmək üçün Bakıya gəlib.
Forum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi və UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə həyata keçirilir.
Forum Azərbaycanın dünyaya nümunə olan göstərilən çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyətinin təsdiqi, ölkəmizin mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsinin göstəricisidir.
Bu təşəbbüsün əsası 2008-ci ilin 2-3 dekabrında Bakıda keçirilən Avropa və İslam ölkələri mədəniyyət nazirlərinin konfransında Prezident İlham Əliyev tərəfindən irəli sürülən "Bakı prosesi" ilə qoyulub. Bu prosesin davamlığını təmin etmək məqsədilə 2009-cu il 13-15 oktyabrında Bakıda təşkil edilən İslam ölkələri mədəniyyət nazirlərinin konfransına yenə Azərbaycanın təşəbbüsü ilə 10-dan çox Avropa dövləti dəvət olundu.
7-9 aprel 2011-ci il tarixində Azərbaycan Prezidentinin himayəsi ilə Bakıda I Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ilə regional təşəbbüs qlobal hərəkata çevrildi. Ölkə başçısının fərmanı ilə Forumun iki ildən bir keçirilməsi qərara alındı, Mədəniyyət və Turizm Nazirliyi tədbirin əlaqələndirici qurumu müəyyən edildi. 2013-cü ilin 29 may - 1 iyun tarixində Bakı "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" şüarı altında II Foruma ev sahibliyi etdi.
III Dünya Mədəniyyətlərarası Dialoq Forumunun kifayət qədər maraqlı proqramı var və mədəniyyətlərarası dialoqun bütün sahələrdə inkişaf tendensiyaları, dünyada müasir qlobal çağırışlar, dini-ideoloji qarşıdurmalar, mədəni və sosial transformasiyalar fonunda ümumbəşəri dəyərlərin qorunması üçün məşhur şəxsiyyətlər, siyasətçilər, dövlət xadimləri, elm adamları arasında müzakirələr təşkil olunacaq. Forum çərçivəsində "Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq" - mədəni hüquqlar, ekstermizmə qarşı mübarizədə dini plüralizm və dəyərlərin qorunması, beynəlxalq təşkilatların mədəniyyətlərarası dialoqun qurulmasında rolu və əməkdaşlığı plenar sessiyaları, təhsilin, gənclərin, incəsənətin, turizmin mədəniyyətlərin yaxınlaşması və dialoqda roluna həsr ediləcək müxtəlif işçi sessiyalar, mədəniyyət paytaxtlarının dialoqu görüşü, mədəniyyət və turizm nazirlərinin 2-ci Dünya konfransı, həmçinin ilk dəfə UNESCO-nun mədəniyyət və dinlərarası dialoq üzrə kafedra rəhbərlərinin ilk ümumi toplantısı, mədəniyyətlərin yaxınlaşması sərgisi və digər tədbirlər keçiriləcək. Mədəniyyətlərin dialoq fəlsəfəsini özündə əks etdirən xüsusi mədəni proqramın hazırlanması da əvvəlki tədbirlərdə olduğu kimi, bu Forumda da yenilik axtarışında olmağımızı bir daha nümayiş etdirəcək.
Mənbə: ANS PRESS