Aprel ayının 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 20,6 milyard manat ekvivalenti məbləğində kredit ayırıblar.
ANS PRESS-in Dövlət Statistika Komitəsinə istinadla verdiyi məlumata görə, verilmiş kreditlərin həcmi 2014-cü il aprel ayının 1-i ilə müqayisədə 29,8 faiz artıb. Bu kreditlərin 77,8 faizi və ya 16,0 milyard manatı uzunmüddətli olub. Kreditlərin 1,2 milyard manatının, yaxud 5,9 faizinin ödəmə vaxtı keçib.
Əhalinin banklardakı əmanətlərinin məbləği də açıqlanıb. Məzənnə korreksiyası nəzərə alınmaqla əmanətlər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,9 faiz artaraq 2015-ci il aprel ayının 1-nə 7,8 milyard manata çatıb.
Aprel ayında milli valyutanın 1 ABŞ dollarına məzənnəsi 1,05 manata, 1 Avroya 1,13 manata, 100 Rusiya rubluna 1,99 manata, ilin əvvəlindən isə müvafiq olaraq 0,94 manata, 1,04 manata və 1,58 manata bərabər olub.
Mənbə: ANS PRESS