Qadin.NET / Pensiyaçılara şad xəbər

Pensiyaçılara şad xəbər

Dövlət Sosial Müdafiə Fondu 2015-ci ilin may ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb. 
DSMF-nin Ictimaiyyətlə əlaqələr sektorundan ANS PRESS-ə verilən məlumata görə, DSMF-nin mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köcürülməsi may ayının 14-ü tarixinə tam yekunlaşıb.
Ümumilikdə cari ilin 4 ayı ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. 2015-ci ilin 4 ayı ərzində Fondun gəlirləri 988,7 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 3,3 faiz və ya 31,5 milyon manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,0 faiz artaraq 564,5 milyon manata çatıb. 
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 370,9 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3 faiz və ya 31,5 milyon manat çoxdur. Cari ilin 4 ayı ərzində Fondun xərcləri 965,7 milyon manat olub və bunun 949,3 milyon manatı pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib. 
Hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 292 min 40 nəfər təşkil edir. Onların 60,6 faizini yaşa görə, 28,5 faizini əlilliyə görə, 10,9 faizini isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.

Mənbə: ANS PRESS
15 may 2015
GO BACK