Qadin.NET / Manat dollara güc gəlir

Manat dollara güc gəlir

"Mərkəzi Bank manata süni nəfəs verir. Elə bunun nəticəsidir ki, milli valyutamız az da olsa özünə gəlməyə başlayır". 
ANS PRESS-in məlumatına görə, bunu son zamanlar manatın dollar qarşısında məzənnəsinin nisbətən möhkəmlənməsini şərh edən iqtisadçı qeyd edib ki, manatın dollara nisbətən rəsmi məzənnəsi devalvasiyadan sonra ən yüksək səviyyəyə çatıb. 
Mərkəzi Bankın bu günə olan açıqlamasına görə, 1 dollar 1,0472 manata bərabərdir. Devalvasiyadan sonra manatın ən aşağı səviyyəsi aprelin 13-də olub. O zaman 1 dollar rəsmi olaraq 1,0537 manata qədər bahalaşmışdı. "Həmin dövrdən sonra manatın möhkəmlənməsi tendensiyası müşahidə edilib. May ayının ilk yarısında manat 0,14% möhkəmlənib.
Avro da son günlər bahalaşır. Ancaq hələ ki devalvasiyadan sonrakı pik həddinə çatmayıb. Devalvasiya günü avro 1,1950 manata qədər bahalaşmışdı. Sonrakı günlərdə kəskin rəqslər etməyə başladı. Hətta martın 17-də özünün ən aşağı həddinə - 1.1081 manata qədər ucuzlaşdı. May ayı başlayandan dolların ucuzlaşması fonunda avro eyni zamanda Azərbaycanda mövqeyini möhkəmləndirir. May ayında 2,6% bahalaşaraq 1,1946 manata yüksəlib".
Onun sözlərinə görə, dollar və avronun mövcud durumu həmin valyutaların dünya bazarlarındakı məzənnələrindən qaynaqlanır. Son dövrlər dollar zəifləməkdə davam edir. Dollar əsas valyutalara münasibətdə kəskin ucuzlaşır. S.Əliyev deyir ki, dollar indeksi son 4 ayda ən aşağı həddə düşərək 93.26-ya bərabər olub. Amerika iqtisadiyyatı ilə bağlı optimist proqnozların özünü doğrultmaması, FED-in uçot dərəcələrini qaldırmaması dolları zəiflədən amillərdir. 
"Avronun bahalaşması isə Avropa fond bazarında baş verən canlanma, xüsusilə də Almaniya bondlarına güzəştlərin tətbiqi ilə bağlıdır. Britaniya funtu da dollara nisbətən 6 aylıq maksimum səviyyədədir".
O, qeyd edib ki, dolların ucuzlaşması fonunda neftin bahalaşması manata dəstək verir. Bunun nəticəsidir ki, Mərkəzi Bank manatın cüzi də olsa bahalaşdırır. Ancaq bu bahalaşma nəzərəçarpacaq dərəcədə deyil və bir qayda olaraq valyuta dəyişmə məntəqələrində müşahidə olunmur. "Bəyan etmələrinə rəğmən manatın üzən məzənnəyə keçməsi yaxn dövrlərdə real deyil. Uzun müddət manat inzibati qaydada tənzimlənəcək. Çünki neftdə asılı valyutaların üzən məzənnəyə keçməsi mənfi fəsadlar yarada bilər. Manatın mövcud bahalaşmasının uzunmüddətli və əhəmiyyətli olacağını ehtimal etmək çətindir. Hər şey neftin qiymətinin hərəkət istiqamətindən və hökumətin addımlarından asılı olacaq".

 

Mənbə: ANS PRESS

15 may 2015
GO BACK