Qadin.NET / Azərbaycanda 30 kəndin adı dəyişir

Azərbaycanda 30 kəndin adı dəyişir

Azərbaycanın 17 rayonunda 30-dan yuxarı kəndin və inzibati ərazi dairəsinin adı dəyişdiriləcək. ANS PRESS-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin Regional məsələlər komitəsinin mayın 15-də keçirilən iclasında müzakirə olunub. İclasa çıxarılan məsələ barədə danışan Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, bəzi kənd və inzibati ərazi dairələrinin adlarının dəyişdirilməsini nəzərdə tutan qanun layihəsi uzun müddətə formalaşıb.
"Belə ki, bəzi kənd və inzibati ərazi dairələrinin adlarının dəyişdirilməsi ilə bağlı yaşayış məntəqələrindən, yerli icra hakimiyyətlərindən müraciətlər olunub, sonra həmin müraciətlər Prezident Administrasiyasının müvafiq şöbəsində toplanılıb və axırda bizə belə bir qanun layihəsi göndərilib. Eyni zamanda onu da deyim ki, bununla bağlı Toponimiya Komissiyasında xeyli müzakirələr gedib, təkliflər, iradlar bildirilib, təkrar yerli icra hakimiyyətləri ilə müzakirələr aparılıb".
Onun sözlərinə görə, qanun layhəsinə əsasən bəzi kənd adlarının tamam, həmçinin, təkrarlanan. eyniadlı kənd adlarının və bəzi inzibati ərzai dairələrinin adlarının dəyişdirilməsi təklif olunur: "Yəni, Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, Kəlbəcər, İsmayıllı, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarıın tərkibindəki 30-dan artıq kəndi və inzibati ərazi dairəsinin adlarının dəyişdirilməsi nəzərdə tutulur".
Deputat Fəzail İbrahimli müzakirəyə çıxarılan məsələni dəstəklədiyini bildirib. O qeyd edib ki, ideoloji xarakter daşıyan, mənası heç kimə bəlli olmayan kənd adlarının dəyişdirilməsinin vacibdir. Deputat Rüstəm Xəlilov da qanun layihəsinə müsbət yanaşdığını, eyni zamanda, gələcəkdə bəzi rayonlarda eyniadlı bir neçə kəndin adının dəyişdirilməsinin də vacibliyini söyləyib. Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

 

Mənbə: ANS PRESS

15 may 2015
GO BACK