Qadin.NET / Xanımlarımıza yad güllər

Xanımlarımıza yad güllər

Bakıda hər il bayramlarda paytaxt küçələrində gül mağazaları müştərilərlə dolu olur. Çiçəklərin bahalığına baxmayaraq, satıcılar müştəri qıtlığından şikayətlənmirlər. Əsasən Yeni il bayramnda, 8 mart Beynəlxalq Qadınlar Günü, Novruz bayramı, sevgililər günü və Gül bayramında çiçək satanların bazarı canlanır. Lakin bayrama nisbətən adi günlərdə gül mağazaları alıcı qıtlığından korluq çəkirlər.
Bakıda gül bazarını öyrənmək üçün ANS PRESS olaraq bir neçə çiçək mağazasında olduq. Öyrəndik ki, mağazalarda satılan güllərin əksəriyyəti Avropadan gətirilir.
“Çiçəklər əsasən Hollandiya və Ekvadordan gətirilir. Bundan başqa, Türkiyə, İran, Macarıstandan gətirilən güllər də var. Əsasən zanbaq, səhləb çiçəyi, çoban yastığı, qızılgül kimi güllər çoxluq təşkil edir. Bizdə demək olar ki, yerli gül çox azdır. Yalnız Bakının Maştağa və Nardalan kəndlərindən qərənfil gətirilir”, - deyə satıcı Ceyhun Məmmədov bildirdi.
Digər gül dükanının sahibi Ramin Cəfərov ANS RPESS-ə açıqlamasında bildirdi ki, yerli güllərin az olmasının səbəbi fermerlərin bu sahəyə marağın olmamasıdır.
“Bilirsiniz, əvvəllər Bakının kəndlərində güllər becərilirdi. Həm şərait vardı, həm də tələbat çox idi. Hətta Rusiya və digər yerlərə Bakı gülləri aparılırdı. İndi tərsinə olub. Xaricdən elə güllər gətirilir ki, yerli güllər qalır kənarda. Əvvəl alıcılar qərənfil çox alırdılarsa, 20 Yanvar hadisələrindən sonra bu gül ancaq məzar üstünə qoyulmaq üçün alınır”, - deyə Ramin Cəfərov qeyd etdi.
Elə alıcılar da bu fikirlə razılaşırlar. Samir Aslanov adlı alıcı anasının ad günü münasibətilə təbrik etmək üçün qızılgül almaq istəyirdi. O, çiçəklərin xaricdən gətirildiyi üçün çox baha olmasından şikayətlənirdi. “Əvvəllər Bakıda qızılgül becərilərdi. İndi yerli güllərdən yalız qərənfil satılır. Keçmişdə bayram günləri qərənfil alardıq. İndi bu gül ancaq qəbir üstünə qoyulur. Gül alanda da, iyi olmur. Üstünə “dezodarant” vururlar ki, iyi gəlsin”.
Güllərin qiymətinə gəlincə, ən ucuz dəstə 10 manata başa gəlir. 100 manat və ondan da bahalı gül dəstəsi, çiçək çələngləri sifariş etmək olar. Gül buketləri çiçəklərin sayından asılıdır. Bir ədəd qızılgül 4 manatdan başlayır. Elə güllər var ki, bir ədədi 7 manata satılır. Satıcılar bayram üçün güllərin qiymətinin qalxdığını bildirirlər.
Qeyd edək ki, Sovet dövründə Lənkəranda Xəzər gülçülük sovxozu vardı. Həmin savxoz Sutəmurdov kəndində yerləşirdi. Savxoz nəinki Azərbaycanda, hətta bütün SSSR-də məşhur idi. Orada becərilən çiçəklərin gözəlliyilə yanaşı, iyi də insanı valeh edirdi. Həmin savxoz bağlandıqdan sonra onun yeri özəlləşdirildi. Bundan başqa, Bakı kəndlərində də, irili-xırdalı gül istixanaları vardı. İndi həmin işlə məşğul olan yoxdur. Maştağada gülçülüklə məşğul olan Əliəsgər Haşımov ANS PRESS-ə açıqlamasında bunun kəndli üçün iqtisadi səmərəsiz olduğunu deyir.
“Kənddə gül becərmək üçün imkan yoxdur. Yetərincə nə qaz, nə su, nə də elektrik verilir. Bir də, kommunal xərclərin çox olması bizə gül əkib-becərməyə imkan vermir. Üzü astarından baha olur. Ondansa xaricdən gül alıb, baha qiymətə satmaq daha çox gəlir verir”, - deyə Əliəsgər Haşımov şikayətləndi.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov ANS PRESS-ə açıqlamasında yerli gül istehsalının az olmasına səbəb kimi kommunal xərclərin çox olmasını göstərdi.
“Kommunal xərclərin, xüsusilə su və qazın qiymətinin qalxması praktiki olaraq gül sənayesinin çökməsinə səbəb olub. Bu da Avropadan, əsasən Hollandiyadan gətirilən güllərin bazarda olmasına münbit şərait yaradıb. Bu həm ucuz, həm də sərfəli olur. Həmişə Azərbaycan gülünün həm daxili, həm də xarici bazarı olub. Lakin problem yalnız yerli gülün qiymətinin yüksək olmasıdır. Bu üzdən onlar Avropadan gətirilən güllərlə rəqabət apara bilmir”, - deyə Vüqar Bayramov vurğuladı.
Ekspertin fikrincə, gülçülüyün inkişaf etdirilməsi üçün dövlətin maliyyə resurslarının artırılması lazımdır. Sahibkarlara müəyyən güzəştlər verilməlidir. Gül sektorunun inkişafı ilə bağlı kompleks tədbirlərin keçirilməsinə ehtiyac var. 
"Dövlətin özü bu sahəyə marağı artırmalıdır. Bu sahənin inkişafına təkan verməlidir", deyə V. Bayramov vurğuladı. 
İqtisadi İnkişaf Nazirliyinin ictimai qurumlarla əlaqələr şöbəsinin müdiri Abbas Əliyev ANS PRESS-ə açıqlamasında bildirdi ki, sahibkarlara daim dövlət dəstəyi var.
“Gülçülük təsərrüfatı Azərbaycanda ənənəvi sahələrdən biridir. Bu sahənin inkişafına diqqət ayırılmağa başlanıb. Bu sahədə sahibkarlara Kömək Milli Fondu tərəfindən güzəştli kreditlər verilməyə başlayıb”, - deyə Abbas Əliyev bildirib.
Nazirlik rəsmisinin sözlərinə görə, bunun nəticəsində yeni iş yerləri açılıb: “Bu kreditilər sayəsində zeytunçuluq, istixana ilə yanaşı, ənənəvi faəliyyət sahələri var. Daha çox Bakı qəsəbələrində gülçülük təsərrüfatına maraq çoxdur. Müəyyən zonalarda yaşayanlar üçün bu yeni sahə deyil. Gülçülük təsərrüfatına diqqət çoxalıb. Ümumiyyətlə bütün bölgələrdə sahibkarla işgüzar görüşlər keçirilir”.
Qeyd edək ki, bir çox inkişaf etmiş ölkələrdə, eləcə də ABŞ-da fermerlər dövlətdən maddi yardım almaqla yanaşı, nəyi əkib, nəyi əkməməklə bağlı məsləhət də alırlar. Belə ki, dövlət bu il hansı məhsullara tələbatın olması və hansı məhsulların bazarda yaxşı satılacağı ilə bağlı əvvəlcədən proqnozlarını verir. Bura dövlətin hansı sahələri inkişaf etdirmək istəməsi də daxildir.

 

Mənbə: ANS PRESS

15 may 2015
GO BACK