Qadin.NET / Evlənmək iyundan çətinləşir

Evlənmək iyundan çətinləşir

 

Evlənmək iyundan çətinləşir

Nikaha daxil olmaq istəyən şəxslərin müayinə olunacağı xəstəliklərin Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Laborator müayinələr irsi qan xəstəlikləri, sifilis və İİV virusu üzrə olacaq.
ANS TV-nin məlumatına görə, iyunun 1-dən nikaha daxil olmaq istəyən şəxslər bu xəstəliklər üzrə müayinələr keçib tibbi arayış almalıdırlar.
Müayinənin nəticəsi müraciət edən şəxsin özünə təqdim ediləcək. Həkimlərin fikrincə, bu nikaha daxil olan şəxslərin özləri ilə bərabər gələcək nəslin sağlamlığı üçün də çox önəmlidir.
Həkim Şəmsiyyə Namazlı deyir ki, bu yeni qurulacaq ailələrin - irsi, qan, dəri-zöhrəvi, eləcə də digər xəstəliklərindən qorunması üçün çox önəmli bir müayinə metodudur.
Qeyd edək ki, Ailə Məcəlləsinə edilən yeni dəyişikliyə əsasən, nikaha girən şəxslər dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz olaraq müayinədən keçəcəklər və bir-birinin səhhəti haqqında məlumat alacaqlar.
Nikaha daxil olmaq istəyən şəxslər tibbi müayinədən keçdikdən sonra arayış alırlar. Arayış müvafiq quruma təqdim edildikdən bir ay sonra cütlük nikah bağlaya bilər.
Qeyd edək ki, nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir.

 

Mənbə: ANS PRESS

15 may 2015
GO BACK