"Futbolçu kimi həmişə qalib olmuşam. Çalışıram ki, məşqçi kimi oyunçularıma da buna nail olmağa kömək edib, Azərbaycanı qalib komandaya çevirim". Milli.Az APAsport.Az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.
Xorvatiyalı mütəxəssis goal.com saytına açıqlamasında yığmamızdakı fəaliyyətindən danışıb. Prosineçki millimizlə AVRO-2020-nin final mərhələsində iştirak etmək arzusunu açıqlayıb: "Azərbaycan futbolunda potensial olduğunu hesab edirəm. Gənc futbolçular var, infrastruktura da yatırımlar edilir. Azərbaycan futbol ölkəsinə çevrilmək istəyir. Bu istiqamətdə müəyyən irəliləyiş də əldə edilib. AVRO-2020-nin final mərhələsində çıxış etmək çox vacibdir. Bəzi oyunlarının Bakıda keçiriləcəyi yarışın final mərhələsində oynamaq Azərbaycan üçün ideal olardı. Əlbəttə, biz bir sıra nəticələrə imza atmalıyıq ki, ölkədə futbola maraq daha da artsın. Azərbaycan idman ölkəsidir, burada futbolu da sevirlər".Prosineçki gələn ay Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı fikirlərini də açıqlayıb, yarışın əhəmiyyətini qeyd edib: "Avropa Oyunları kimi mötəbər yarışa ev sahibliyinin edilməsi infrastrukturun daha da yaxşılaşmasına səbəb olub. Yeni stadionlar tikilib, bir çox başqa məsələlərdə irəliləyiş əldə edilib. Bakı özü də yaşamaq üçün ideal Avropa şəhəridir. Əminəm ki, Avropa Oyunları təkcə futbol deyil, bütövlükdə idmanın inkişafına kömək edəcək".Qeyd edək ki, Avropa Oyunları iyunun 12-28-də keçiriləcək.
Mənbə: Milli.Az