Ötən həftədən Azərbaycanda bəzi iş adamlarının həbsinə başlanılıb.
ANS PRESS-in məlumatına görə, bu çərçivədə “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov və onun şirkətdəki şəriki Azər Əsgərov, şirkətin mühasibi Niyaz Orucov, “Globus Plaza”nın sahibi Dünyamin Xəlilov, Oliqarx Nizami Piriyev, "Avesta" holdinqinin sahibi Hacı İbrahim Nehrəmli hüquq mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıblar. Saxlanılanlar əsasən fırıldaqçılıqda, maliyyə xəyanətində, ictimai əmlakı mənimsəməkdə və s. cinayətlərdə ittiham olunurlar.
Saxlanılanlardan Rəşad Məmmədovun MTN təcridxanasına aparıldığı, İbrahim Nehrəmlinin isə “Bandotdel”də olduğu bildirilir.
Saxlanılanlardan bəziləri barədə həbs-qətimkan tədbirləri seçilib.
Daha əvvəl yerli mətbuat saxlanılan şəxslərdən bəzilərinin sakinlərə qarşı etdiyi özbaşınalıqlar barədə xəbərlər yaymışdı.
Onlardan bayraq meydanının keçmiş rəisi Rəşad Məmmədovun rəhbərlik etdiyi şirkətin minlərlə ailəyə aid malı-mülkü taladığı bildirilmişdi.
Dünyamin Xəlilov isə sahibi olduğu plazanın mühafizəçiləri, xadimələri də daxil olmaqla bir qrup işçinin adına banklardan 3 milyondan artıq vəsait götürməkdə ittiham olunur. İşçilər arasında aparılan yoxlamalardan sonra məlum olub ki, onların özlərinin belə bu kreditlərdən xəbərləri yoxdur.
Bundan başqa həmin günlərdə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev üç rayonun gömrük idarəsinin rəisini işdən çıxarıb. Məlumata görə, vəzifəsini itirənlər Astara, Xaçmaz və Biləsuvar rayonlarının gömrük idarələrinin rəisləridir. Burada ən maraqlı məqam işdən çıxarılan hər üç rəisin Naxçıvanın Nehrəm kəndindən olmasıdır. Aydın Əliyevin üç rayonun gömrük idarəsinin rəisini işdən azad etməsinin səbəbləri hələlik bilinmir.
Millət vəkili Fazil Mustafa baş verənlərlə bağlı verdiyi açıqlamada ölkədə oliqarxlara qarşı həbs dalğasının davam edəcəyini bildirib.
Mənbə: ANS PRESS