Qadin.NET / Sürüşmə sahələri aktivləşib

Sürüşmə sahələri aktivləşib

Aprel ayında respublikanın bir sıra mövcud sürüşmə sahələrində aktivləşmə müşahidə olunub. Bu barədə APA-ya məlumat verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev bildirib ki, aprel ayında Bakı-Şamaxı avtomobil yolunun 106 və 111-ci kilometrliyində bir neçə yerdə uçqun baş verib: “Bakı-Ağsu yolunun 118 və 156-cı kilometrliyində uçqun olub. Atmosfer çöküntülərinin təsiri nəticəsində İsmayıllı-Muğanlı yolunun 24-29-cu kilometrliyində çatlar əmələ gəlib. Habelə, Muğanlı sürüşmə sahəsindəki çatlarda cüzi genişlənmə qeydə alınıb”.
Ə. Piriyev Bakı və Abşeron yarımadasındakı klassik sürüşmə sahələrində hər hansı bir dəyişikliyin baş vermədiyini deyib: “Bakı və Abşeron yarımadasındakı sürüşmə sahələrində vəziyyət stabildir. Monitorinqlər keçirilib və elə bir ciddi dəyişiklik qeydə alınmayıb”.
Ə. Piriyevin sözlərinə görə, Quba rayonundakı sürüşmə sahəsində də nisbətən aktivləşmə müşahidə olunub: “Quba-Xınalıq avtomobil yolunun 37 və 46-cı kilometrliklərində, Quba-Qonaqkənd avtomobil yolunun 37 və 40-cı kilometrliyində və Giləzi sürüşmə sahəsində də qismən aktivləşmə qeydə alınıb”.
Ə. Piriyev qeyd edib ki, cənub zonasında, əsasən də Lənkəran-Lerik avtomobil yolundakı mövcud sahələrdə müəyyən dinamiklik mövcuddur. 

 

Mənbə: Milli.Az

13 may 2015
GO BACK