Qadin.NET / Riqada 7 rayon qaytarıla bilər

Riqada 7 rayon qaytarıla bilər

Azərbaycan və Ermənistan prezidentlərinin 21-22 mayda Riqada gözlənilən görüşündə 7 rayonun geri qaytarılması barədə qərar qəbul edilə bilər. 
ANS PRESS-ə müsahibə verən politoloq Qabil Hüseynli bu fikirlərini son zamanlar Rusiya ilə ABŞ arasında gərginliyin yumşalması ilə əsaslandırıb. 
“Soçi görüşü göstərdi ki, artıq Rusiya super güc olmaq iddialarından əl çəkərək, regional güc olduğunu qəbul edib. Rusiya buna asanlıqla razılaşmayıb. ABŞ Rusiya sərhədlərinə yetərincə ordu yığdı, həmçinin beynəlxalq aləmdə Rusiyanın təcrid edilməsi üçün bir çox addımlar atdı. Görünür, Merkel də Putinlə görüşdə müəyyən şərtləri irəli sürüb və Rusiya tərəfi bununla razılaşıb. Əks halda, Kerri belə həvəslə Soçiyə getməzdi”, - deyə Qabil Hüseynli vurğulayıb. 

Politoloqun fikrincə, Rusiya XİN başçısı Sergey Lavrovla ABŞ dövlət Con Kerri arasında görüşlər zamanı bir çox məsələlərdə konsensusa gəlinib. “Bu barədə mətbuata məlumat verilməsə də, artıq beynəlxalq münasibətlərdə yeni dövr başlayır və qarşıdurmaya səbəb olan bir çox məsələlərdə razılaşma əldə edilib. Cənubi Qafqaz münaqişələri və Transxəzər qaz kəməri bu qəbildəndir”,- deyə Qabil Hüseynli bildirir. 

Politoloqun fikirləri Rusiya mətbuatının analitik materiallarında vurğulanın fikirlərlə də uyğun gəlir. Rus jurnalistlər Riqa görüşündə Qarabağla bağlı ciddi addımlar atılacağını ehtimal edir. Oxşar fikirləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik də vurğulayır. Onun sözlərinə görə, tərəflər, o cümlədən Ermənistan prezidenti Serj Sarkisyan münaqişənin həllində maraqlıdırlar. 
“Rusiya münaqişənin həlli istiqamətində addım atarsa, ABŞ onu dəstəkləyəcək. Çünki Vaşinqton da münaqişənin dinc yolla həllində maraqlıdır”,- deyən Qabil Hüseynli Riqada 7 rayonun geri qaytılması ilə bağlı razılaşma əldə edilə biləcəyini vurğulayır: “7 rayon qaytarıldaqdan sonra Rusiya Azərbaycanın ərazi bütövlüyü naminə “Transxəzər”in Ermənistandan keçməsini şərt qoya bilər. Bu, elə kəmərin Rusiyanın nəzarətində olması deməkdir. Təbii ki, bu, yalnız Gürcüstanın ziyanına olacaq. Hər halda, ildə 100 milyard kubmetrə qədər qazdan söhbət gedir. Ermənistan tranzitdən böyük pullar əldə edə bilər”. 

Politoloq Fikrət Sadıxov isə Riqa görüşü bağlı elə də nikbin fikirlər səsləndirmir. “Düşünmürəm ki, Ermənistan və Azərbaycan prezidentlərinin görüşündə münaqişənin həlli ilə bağlı nəsə ciddi irəliliyiş olsun. Amma bununla belə, bu tipli görüşlərdə Azərbaycanın iştirakı çox vacibdir. Hər halda, Riqada Avropa Birliyinin şərq tərəfdaşlığı proqramının sammiti olacaq və Azərbaycan da bu proqramın iştirakçısıdır. Bu sammitdə dövlətlərin ərazi bütövlüyü məsələsi müzakirə olunacaq. Bu, Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycan üçün böyük dəstək ola bilər”, - deyə politoloq ANS PRESS-ə bildirib. 

Mənbə: ANS PRESS

13 may 2015
GO BACK