Qadin.NET / Atəşkəsin 21 ili RƏQƏMLƏRDƏ

Atəşkəsin 21 ili RƏQƏMLƏRDƏ

 

 

Milli.Az BBC-yə istinadən bildirir ki, mayın 5-də Azərbaycan, Ermənistan və tanınmamış Dağlıq Qarabağ Respublikası arasında imzalanmış Bişkek Protokolunun maddələrindən biri, münaqişə edən tərəflər arasında atəşin kəsilməsi olub.
Qırğızıstan paytaxtı Bişkekdə 4-5 may arasında keçirilən görüşdən sonra protokolu Azərbacyanın müdafiə naziri Məmmədrəfi Məmmədov mayın 9-da, Ermənistanın müdafiə naziri Serj Sarkisyan mayın 10-da, Dağlıq Qarabağ ordusunun komandiri Samvel Babayan isə mayın 11-də imzalayıb.
Bu tarixi sazişdən sonra münaqişədə hansı mühüm hadisələr baş verib?
12 may 1994 – Bişkek Protokolu əsasında qərara alınan atəşkəs qüvvəyə minir.
24 dekabr 1994 – Dağlıq Qarabağ Ali Şurası Robert Koçaryanı tanınmamış Dağlıq Qarabağ Respublikasının (DQR) prezidenti təyin edir.
23 mart 1995 – Avstriya paytaxtı Vyanada Dağlıq Qarabağ üzrə konfransda Minsk Prosesinin həmsədrlərinin 15-maddəlik mandatı qəbul olunur.
24 noyabr 1996 – Qarabağda keçirilən səsvermə nəticəsində Robert Koçaryan tanınmamış DQR-in prezidenti seçilir.
3 dekabr 1996 – ATƏT-in Lissabon Sammitində ATƏT-in iştirakçı 54 dövlətindən Ermənistandan başqa hamısı Lissabon Sənədini qəbul edir.
Lissabon Sənədinin prinsipləri: 
Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;
Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə statusunun verilməsi;
Dağlıq Qarabağın və bütün əhalisinin təhlükəsizliyinin təminatı.
1 yanvar 1997 - Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunda üçlü həmsədrlik (Rusiya, ABŞ, Fransa) formalaşır.
18 iyul 1997 – Minsk Qrupunun həmsədrləri münaqişənin nizamlanması üzrə “Paket həll” planını Azərbaycan və Ermənistana təqdim edirlər.
“Paket həll” planı iki sazişdən ibarətdir: birinci, daha mürəkkəb saziş – silahlı münaqişənin sonu və silahlı qüvvələrin çıxarılması barədə, ikinci saziş isə Dağlıq Qarabağın statusu barədədir. “Dağlıq Qarabağın statusu ... istər Azərbaycan Respublikasının, istərsə də Dağlıq Qarabağın hakimiyyət orqanlarının birtərəfli hərəkəti ilə müəyyən edilə bilməz”.
8 sentyabr 1997 – Koçaryan Ermənistanın baş naziri vəzifəsinə təyin olunandan sonra Qarabağın prezidenti vəzifəsinə XİN başçısı Arkadiy Ğukasyan seçilir.
Dekabr 1997 – Minsk Qrupunun “Mərhələli həll” təklifi irəli sürülür. Bu təklif daha çox silahlı münaqişənin dayandırılması barədədir. “Paket həll” təklifindən əsas fərqləri: silahlı qüvvələr mərhələli şəkildə çıxarılacaq və ərazilərə ATƏT-in sülhməramlı qüvvələri göndəriləcək; Laçın dəhlizi Dağlıq Qarabağ silahlı qüvvələrinin nəzarəti altında qalacaq; Dağlıq Qarabağ və digər ərazilərin statusunu həll etmək üçün Ermənistan və Azərbaycan arasında birgə komissiya yaradılacaq.
Azərbaycan və Ermənistan bu təklifi qəbul edir, Dağlıq Qarabağ hakimiyyəti onu rədd edir.
3 fevral 1998 – Ermənistanda Levon Ter-Petrosyan Azərbaycana güzəşt göstərməkdə ittihamlara görə istefa verir.
9 noyabr 1998 – Minsk Qrupunun “Ümumi dövlət” adlandırılan üçüncü təklifi irəli sürülür. Təklifin mahiyyəti odur ki, Dağlıq Qarabağ və Azərbaycan eyni statusu daşıyan “konfederasiya” tipli ümumi dövlət olacaq.
Azərbaycan bu təklifin konstitusiyasına zidd olduğunu bildirərək onu rədd edir. Bu, inndiyə qədər Minsk Qrupunun irəli sürdüyü son təklif olub.
2 aprel 1999 – Moskvada MDB Sammitində Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçirilir. Bu cür görüşlərin davamı olacağı barədə razılıq əldə olunur və növbəti yeddi ay ərzində daha beş görüş keçirilir.
3-7 aprel 2001 – ABŞ-ın təşəbbüsü ilə Florida ştatında Minsk Qrupunun “Key West” danışıqları başlanılır. Danışıqlarda prezidentlər Heydər Əliyev və Robert Koçaryan iştirak edir.
19 fevral 2004 – Macarıstan paytaxtı Budapeştdə BMT-nin keçirdiyi sülh proqramında Ramil Səfərov erməni kurs yoldaşı Qurqen Markaryanı “təhqirə görə” qətlə yetirir.
13 aprel 2006 – Ramil Səfərov Budapeşt məhkəməsinin qərarı ilə ömürlük həbs cəzası alır.
29 noyabr 2007 – İspaniya paytaxtında ATƏT-in “Madrid Prinsipləri”nin təməli salınır. Prinsiplər qeyri-zorakılıq, ərazi bütövlük və xalqların öz müqəddəratını təyinetmə razılığı əsasında qurulub. Onların “paket” və “mərhələ” həll planlarının sintezi olduğu deyilir. Bu prinsiplərin növbəti illər ərzində bir neçə yenilənmiş variantı təqdim olunur və Azərbaycan 2009-cu ildə təklif olunan versiyanı “ümumi olaraq” dəstəklədiyini bildirsə də, Ermənistan tərəfi bəzi məqamları qəbul etmir.
4 mart 2008 – Dağlıq Qarabağda atəşkəsin elan olunmasından bəri ən kəskin atışmalar baş verir. Azərbaycan Ermənistanı, Ermənistan isə Azərbaycanı ittiham edir. Hər iki tərəfin itkiləri olur.
Bu ərəfədə qalmaqallı seçkilərdən sonra baş verən qarşıdurmalara görə Ermənistanda fövqəladə hal elan olunmuşdu.
2 noyabr 2008 – Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Moskvada Dağlıq Qarabağ münaqişəsi barədə birgə deklarasiya imzalayır. Deklarasiyada deyilir ki, tərəflər “Cənubi Qafqazda vəziyyəti təkmilləşdirmək üçün ... Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli istiqamətində işləyəcəklər”.
27 oktyabr 2010 – “Astraxan deklarasiyası”: Rusiyanın əldə etdiyi saziş nəticəsində Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsində tutulan əsirləri qaytarmağa razılaşırlar.
31 avqust 2012 – Ramil Səfərov Azərbaycana ekstradisiya edilir. Sentyabrın əvvəlində isə İlham Əliyev onun barədinsə əfv sərəncamı imzalayır. Cənab Səfərovun azadlığa buraxılması beynəlxalq arenada tənqid olunur, bu addımın sülh prosesinə ciddi zərbə vurduğu barədə narahatlıqlar ifadə olunur.
Son illərdə danışıqlarda durğunluq müşahidə olunur. Hər iki tərəfin müharibə ritorikasına və davam edən itkilərə görə vasitəçilər narahatlıqlarını bildirir.
12 noyabr 2014 - Dağlıq Qarabağ üzərində ermənilərin Mi-24 helikopterinin vurulub. Beynəlxalq qurumlar gərginliyin artdığı şəraitində hər iki tərəfi təmkinli olmağa çağırıblar.
Mənbə: Milli.Az
13 may 2015
GO BACK