Qadin.NET / Bakının təkrar mənzil bazarında vəziyyət

Bakının təkrar mənzil bazarında vəziyyət

 

 

Aprel ayında Bakının təkrar mənzil bazarında təkliflərin sayı 1726 olub. Bu, 2014-cü ilin analoji dövrünün göstəricisindən 18,7 faiz, 2015-ci ilin mart ayına olan göstəricidən isə 1,47 faiz azdır.
Trend-in məlumatına görə, bu barədə "MBA Group" konsaltinq şirkətinin hesabatında deyilir.
Apreldə ən çox təklif Bakının Yasamal, Nəsimi, Nərimanov və Binəqədi rayonlarında qeydə alınıb. Bu rayonların payına ümumi təklifin 66,8 faizi düşüb.
Bakının təkrar mənzil bazarında bir kvadratmetr sahənin orta qiyməti mart ayı ilə müqayisədə 6,12 faiz azalaraq 1770 manat, xarici valyuta ilə qiyməti isə ay ərzində 5,96 faiz azalaraq 1689 dollar təşkil edib. Müqayisə üçün deyək ki, Bakıda 2015-ci ilin mart ayında təkrar mənzilin bir kvadratmetrinin qiyməti 1886 manat (1796 dollar) olub.
Hesabatda qeyd olunur ki, martda təkrar mənzil bazarında qiymətlər 14 faiz artdığı halda, apreldə 6,12 faiz aşağı düşüb. Bu, fevralda baş verən devalvasiya ilə əlaqədardır. Bir çoxları əmanətlərini daşınmaz əmlaka yatırıblar ki, bu da bazarda qiymət artımına səbəb olub. Apreldə əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb ki, bu da apreldə qiymətlərin düşməsinə səbəb olub. İkinci səbəb odur ki, paytaxtdakı mənzillərin qiyməti öz pik həddinə çatıb, indi isə tədricən düşməyə başlayıb.
Rayonlar üzrə 2015-ci ilin aprel ayı üçün mənzilin bir kvadratmetrinin orta bazar qiyməti aşağıdakı kimi olub:

Rayonlar    Mart, 2015    Aprel, 2015    Aylıq dəyişiklik - %
Abşeron         1120               1024                  -8,57%
Binəqədi        1644               1574                  -4,26%
Qaradağ         1117                1045                 -6,45%
Nərimanov     1906                1836                 -3,67%
Nəsimi            1999                1902                 -4,85%
Nizami             1682               1531                  -8,98%
Səbail              2375                2314                  -2,57%
Sabunçu         1218                1267                   -4,02 %
Suraxanı          1371               1367                    -0,29%
Xəzər               1198                1152                    -3,84%
Xətai                 1663                1517                   -8,78%
Yasamal            1740                1587                   -8,79%
Hesabata əsasən, Bakıda 2015-ci ilin aprel ayında təkrar mənzil bazarında satış portfelinin əsas hissəsini kvadratmetri 2000 dollar (orta qiymətlə 1480 dollar) olan evlər təşkil edib. Bu evlərin payına 81,5 faiz düşüb. Bir kvadratmetr sahə üçün 2000-2500 dollar (orta qiymət 2160 dollar) diapazonunda dəyişən mənzillər ümumi satış həcminin 13,75 faiz təşkil edib. Qalan hissə (4,75 faiz) kvadratmetrinin qiyməti 2500 dollardan çox (orta qiymət 3000 dollar) olan mənzillərin payına düşüb.

Mənbə: Milli.Az

13 may 2015
GO BACK