Bu gün Rusiya Federasiyasının Çelyabinsk şəhərində taekvondo üzrə böyüklər arasında dünya çempionatı başlayacaq.
ANS PRESS-in Azərbaycan Taekvondo Federasiyasından (ATF) aldığı məlumata görə, beş gün davam edəcək çempionata kişi və qadın taekvondoçulardan ibarət Azərbaycan milli komandası da qatılacaq.
Çempionatda ölkəmizi 15 idmançı təmsil edəcək. Kişilərdən ibarət komandanın baş məşqçisi Reza Mehmandoust dünya çempionatında Mikayıl Əliyevə (54 kq), Məhəmməd Məmmədova (58 kq), Sina Bahramiyə (63 kq), Ayxan Tağızadəyə (68 kq), İlkin Şahbazova (74 kq), Milad Beigi Harçeqaniyə (80 kq), Radik İsayevə (87 kq) və Əhməd Mohammadiyə (87 kq-dan yuxarı) şans verəcək.
Qadınlar isə 7 taekvondoçu ilə təmsil olunacaq. Baş məşqçi Sun Mi Park bu mötəbər yarışda Çeren Özbəki (46 kq), Patimat Abakarovanı (49 kq), Lazara Caridad Poveanı (53 kq), Günay Ağakişiyevanı (57 kq), Daria Skorkonu (62 kq), Fəridə Əzizovanı (67 kq) və Marina Tedeevanı (73 kq) sınaqdan keçirəcək.
Komandamız yarışa ATF-nin vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərliyi ilə qatılacaq. Millimiz çempionatdan mayın 18-də Vətənə qayıdacaq.
Mənbə: ANS PRESS