"Mən Əlimusayeva İlahə, 7 yaşım var. Dünya çempionuyam".Lent.Az xəbər verir ki, orta məktəbin ikinci sinif şagirdi olan İlahə Əlimusayeva 3 yaşından gimnastika ilə məşğul olub. Ancaq ailəsi onun dəcəl olduğunu nəzərə alaraq, karate üzrə məşğələlərə yazdırır. Qısa müddət ərzində uğurlu nəticələr əldə edən İlahə bir çox yerli və beynəlxalq yarışlarda iştirak edib.
Bir neçə gün öncə Gürcüstanda karate üzrə dünya çempionatı keçirilib. Karatenin dörd növü üzrə keçirilən çempionatda 52 ölkədən 1800 idmançı iştirak edib. Azərbaycan bu çempionatda 200-dən çox nümayəndə ilə təmsil olunub. İlahə gürcü rəqibinə qalib gələrək birinci yerə yüksəlib: "Orada bir gürcü qızı ilə qarşılaşdım. Əvvəl uduzurdum, sonra qarşıma məqsəd qoydum ki, mən ona qalib gələcəyəm. Sevincimi ilk olaraq müəllimimlə bölüşdüm, sonra anama zəng vurdum".
İlahə deyir ki, karate ilə məşğul olmağı ona bir çox üstünlüklər verib. Həmyaşıdları ondan çəkinir, hörmət edir, həm də yersiz hərəkətlər etmirlər: "Məktəbdə olur ki, kimsə nəsə söz atır. Mən dərhal onun cavabını verirəm".
Dərslərində də seçilən İlahə gələcəkdə həkim olmaq istədiyini deyir. Əlimusayevlər ailəsində İlahədən başqa bir idmançı da var - qardaşı Yusif. İdmanla birlikdə məşğul olan bacı-qardaş həm də bir-birilərinə rəqibdir: "Mən bacımı məğlub edərək, qırmızı kəmər alacam, o isə hələ göy kəməri qazanacaq. Mən karateni sevirəm. İstəyirəm həmişə qalib olum".
Yusif Əlimusayev həm də Azərbaycan çempionudur. İndiyədək bir çox yarışların qalibi, mükafatçısıdır.
Mənbə: Milli.Az