Qadin.NET / Mehriban Əliyeva qaçqın ailələrini sevindirdi

Mehriban Əliyeva qaçqın ailələrini sevindirdi

Mayın 10-da Abşeron rayonunun Xırdalan şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə məcburi köçkün ailələri üçün inşa edilən binanın açılışı olub. ANS PRESS-in məlumatına görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva binanın açılışında iştirak ediblər.
Bu binada Xırdalan ət kombinatının ərazisində məskunlaşmış Kəlbəcər, Zəngilan və Füzuli rayonlarından məcburi köçkün ailələri yerləşdirilib. “Kristal Abşeron” MMC tərəfindən inşa olunan bina 9 mərtəbə və avtodayanacaqdan ibarətdir. Üçbloklu binanın inşasına 2014-cü ilin iyununda başlanılıb. İnşaat işləri yüksək keyfiyyətlə, zəruri tələblər nəzərə alınmaqla aparılıb.
Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondu da qaçqın və məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılmasına, onların sosial problemlərinin həllinə yüksək diqqətlə yanaşır. Fondun prezidenti Mehriban Əliyevanın və vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə indiyədək bu istiqamətdə çoxlu sayda mühüm layihələr həyata keçirilib.
Azərbaycanın birinci xanımı və qızları Kəlbəcər rayonundan məcburi köçkün Niyazi Ələkbərovun mənzilində yaradılan şəraitlə tanış oldular.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yeni mənzillə təmin olunmaları münasibətilə ailənin üzvlərini təbrik etdi.
Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya onlar üçün yaradılan şəraitə görə minnətdarlıq edən məcburi köçkün Niyazi Ələkbərov yeni mənzillə təmin olunduqları günün ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə eyni vaxta təsadüf etməsini onların həyatında əlamətdar hadisə adlandırdı.
Binada ümumilikdə, 126 mənzil var. Onlardan 42-si bir, 60-ı iki, 24-ü isə üçotaqlıdır. Mənzillər mebellə təmin edilib. Binada mərkəzləşdirilmiş istilik sistemi, həmçinin yüksək keyfiyyətli liftlər quraşdırılıb. Binanın ətrafında geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb.

 

Mənbə: ANS PRESS

11 may 2015
GO BACK