Milli.Az Azərtac-a istinadən bildirir ki, Azərbaycan xalqının Ümummilli Lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Heydər Əliyev Sarayının qarşısındakı parkda və sarayın arxasındakı Şəhər Mərkəzi Parkında Gül bayramı təşkil olunub.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Gül bayramında iştirak etdilər.
Paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının sevimli istirahət yeri olan Heydər Əliyev Sarayının qarşısındakı park və Şəhər Mərkəzi Parkı bu gün öz görkəmini tam dəyişib, möcüzəli gül bağına çevrilib.
Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi Gül bayramda çiçəklərdən, yarpaqlardan və bitkilərdən hazırlanan rəngarəng kompozisiyalar görünüşü və ifadəliyi ilə seçilir, gözəlliyin hədsiz imkanlarını nümayiş etdirir, hər kəsdə xoş ovqat yaradır.
Burada rəngbərəng güllərdən hörülən, yazın gəlişinə həsr olunan kompozisiyalar nümayiş etdirilir. Gül bayramında hər yan göz oxşayır, hər tərəf al-əlvan rəngə bürünüb.
Dövlətimizin başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva parka toplaşan uşaqlarla xatirə şəkilləri çəkdirdilər.
Artıq ölkəmizdə ənənə halı alan Gül bayramı dünyanın nadir gözəlliklərini təcəssüm etdirməklə ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, Ümummilli Liderin doğum gününün bu cür möhtəşəm formada qeyd olunması ilə yadda qalır.
Mənbə: Milli.Az