"Ukrayna Dağlıq Qarabağdakı seçkiləri ona görə tanımır ki, hər iki ölkə eyni problemlə üzləşib. Azərbaycanda olduğu kimi, Ukrayna ərazisində də işğal yolu ilə qondarma respublikalar yaradılıb. Ukrayna heç vaxt nə Dağlıq Qarabağ Respublikasını tanıyıb, nə də orada keçirilən seçkiləri".ANS PRESS-in məlumatına görə, bunu ukraynalı siyasi ekspert Sergey Slobodçuk deyib. O, Ukraynanı Azərbaycanla müqayisə edərək bildirib ki, "İndiki Ukrayna - 1993-cü ildəki Azərbaycandır. Məhz həmin ildə erməni və Azərbaycan qoşunları arasında şiddətli silahlı toqquşmalar gedirdi". Sergey Slobodçukun sözlərinə görə, Ukraynanın Azərbaycanın mövqeyini dəstəkləməsi onun Ermənistanla münasibətlərinə təsir etməməlidir. "Çünki Azərbaycan kimi Ukrayna da işğalçılıqla üzləşib və bu vəziyyətdə başqa mövqe tuta bilməz".
Siyasi ekspert həmçinin bildirib ki, dünyada tanınmamış respublikaların mövcudluğu onu göstərir ki, dünyadakı mövcud nizam və beynəlxalq hüquq belə məsələləri həll etməyə qadir deyil. "Bu vəziyyətin əsiri isə həmin ərazilərdə yaşayan, həmçinin öz vətənlərini tərk etməyə məcbur olan insanlardır".
Mənbə: ANS PRESS