Qadin.NET / Bakıda möhtəşəm saray

Bakıda möhtəşəm saray

Altı hektar ərazisi olan bu nəhəng idman qurğusu yüksək keyfiyyətlə inşa edilib və artıq istifadəyə hazırdır. Paytaxtın Bayıl qəsəbəsində, Bakı bulvarının yeni salınan hissəsində yerləşən və ümumi sahəsi 72 min kvadratmetr olan Su İdmanı Sarayı Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir. 
Su İdmanı Sarayında üç hovuz yaradılıb. Uzunluğu 50, eni 25, dərinliyi isə 2,5 metr olan əsas hovuz su idmanının müxtəlif növləri üzrə yerli və beynəlxalq səviyyəli yarışlar üçün nəzərdə tutulub. Əsas zaldakı hündürlükdən suya tullanma hovuzunun uzunluğu 25 metrdir. Burada hündürlüyü 1, 3, 5, 7,5 və 10 metr olan beş pilləli suya tullanma platforması inşa edilib.
Su İdmanı Sarayında yarışları eyni vaxtda 6 mindən çox tamaşaçı izləyə biləcək. Bundan əlavə, sarayda əlil tamaşaçılar, VVIP, VIP və media bölmələri inşa olunub.
Sarayın binasında Avropa Olimpiya Komitəsinin və Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə uyğun olaraq funksional və köməkçi sahələr yaradılıb. Binada üzgüçülər üçün xüsusi məşq platformaları və avadanlığı quraşdırılan fitnes - akrobatika, ağır atletika zalları mövcuddur. Su İdmanı Sarayının ikinci zalında məşqlər üçün üzgüçülük hovuzu inşa olunub. Hovuzun uzunluğu 51, eni 20 metrdir.
Xatırladaq ki, aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədriMehriban Əliyevanın iştirakı ilə Bakı Su İdmanı Sarayının açılışı olub.
Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, bu sahədə yerli və beynəlxalq səviyyəli yarışların təşkili məqsədilə Prezident İlham Əliyev 2012-ci il avqustun 30-da Bakıda müasir standartlara cavab verən Su İdmanı Sarayının tikilməsi haqqında sərəncam imzalayıb. 2013-cü il aprelin 19-da isə dövlətimizin başçısının iştirakı ilə bu möhtəşəm idman sarayının təməli qoyulub.
İlk Avropa Oyunlarına hazırlığın mühüm mərhələsi olan Bakı Su İdmanı Sarayının inşası bir daha bu mötəbər beynəlxalq idman tədbirinin yüksək səviyyədə baş tutacağına əminlik yaradır.
Trend bu möhtəşəm Saraydan ən son görüntüləri təqdim edir.
Mənbə: Milli.Az

 

8 may 2015
GO BACK