Milli Məclisin (MM) Elm və təhsil komitəsində hazırda “Ali təhsil haqqında” və “Ümumi orta təhsil haqqında” qanun layihələri üzərində iş gedir.Bunu APA-ya açıqlamasında MM-in Elm və təhsil komitəsinin sədriŞəmsəddin Hacıyev bildirib.
Ş. Hacıyev deyib ki, “Ali təhsil haqqında” qanun layihəsi hazırlanarkən prezident İlham Əliyevin təsdiqlədiyi “AzərbaycanRespublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” əsas kimi götürülüb: “Eyni zamanda dünyada ali təhsil sistemindəki yeniliklər nəzərə alınmaqla, Ali təhsil haqqında çox modern bir qanun layihəsi hazırlayacağıq”.
“Ümumi orta təhsil haqqında” qanun layihəsinə gəlincə, Ş. Hacıyev qeyd edib ki, qanun layihəsində Təhsil Strategiyasında nəzərdə tutulduğu kimi 12 illik ümumi orta təhsil məsələsi əksini tapıb: “Ümumi orta təhsil haqqında” qanun layihəsi çox vacibdir. Orta təhsil sistemində bəzi problemlər var və bu problemlərin bir çoxu qanunvericiliklə bağlıdır. Biz “Təhsil haqqında” çərçivə qanunu qəbul etmişdik və qanun çox gözəl işləyir. Amma bəzi detallar var ki, o çərçivə qanununda öz əksini tapa bilməz. Ona görə də “Ümumi orta təhsil haqqında” qanun layihəsində biz bütün detalları, mexanizmləri nəzərdə tutacağıq. “Ümumi orta təhsil haqqında” qanun layihəsində təmayüllə təhsil də öz əksini tapacaq”.
Mənbə: Milli.Az