1945-ci il mayın 8-də SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə 9 may tarixinin Qələbə günü elan edilməsi və qeyri-iş günü sayılması alman faşizminə qarşı mübarizə aparan, arxa çəbhədə qələbənin təmin olunması üçün çalışan milyonlarla sovet vətəndaşlarına rəsmən verilən bayram və təntənə haqqı idi.
24 iyun 1945-ci ildə Moskvada Qızıl Meydanda Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbənin şərəfinə keçirilən tarixi Qələbə paradı isə SSRİ tarixinin ən əlamətdar hadisələrinin biri kimi yadda qalıb.
Milli.Az modern.az-a istinadən Qələbə günü ilə bağlı maraqlı faktları təqdim edir.
“Qələbə paradının keçirilməsi üçün təcili təkliflər hazırlansın”. Bu, Stalinin 24 may 1945-ci ildə Kremldə qələbə münasibətilə keçirilən tədbirdə baş qərargah rəhbərliyinə verdiyi tapşırığı idi. Bir neçə günlük gərgin çalışmalardan sonra Qələbə paradının keçirilməsi ilə bağlı təkliflər Baş qərargah tərəfindən Stalinə təqdim olunub. Stalin ən xırda detallara belə diqqət yetirdikdən sonra razılığını bildirib. Amma təklifdə göstərilən 2 ay hazırlıq müddətinin üstündən xətt çəkib və onun yerinə yazıb: “Qələbə paradı 24 iyun 1945-ci ildə saat 10-da başlayacaq”
Bir ay ərzində Qələbə paradına ciddi hazırlıq işləri görülüb. Ali Baş Komandanın əmrinə əsasən, doqquz bənddən ibarət xüsusi direktiv hazırlanıb. Artıq iyun ayının 10-dan ayrı-ayrı döyüşən cəbhələrin alayları Moskvada məşqlərə başlayıblar.
Parad zamanı nəzərdə tutulurdu ki, alman hissələri və birləşmələrinin, o cümlədən Hitlerin şəxsi bayrağı mavzoley qarşısında yerə atılmalıdır. Buna görə həmin bayraqlar da Moskvaya gətirilib. Ancaq bayraqların sayı çox olduğundan cəmisi 200 alman bayrağı seçilib. Və bu bayraqların aparılması üçün xüsusi rota da hazırlanıb.
Təbii ki, parada hazırlıq dövründə Qələbə paradının kim tərəfindən qəbul ediləcəyi müzakirə edilməyib. Təşkilatçılar birmənalı şəkildə elə düşünüblər ki, Qələbə paradını Ali Baş Komandan İosif Stalin qəbul edəcək. Ancaq parada bir həftə qalmış Stalin marşal Georgi Jukovu öz bağına dəvət edib. Hazırlığın gedişi ilə maraqlandıqdan sonra soruşub:
- Georgi Konstantinoviç, neçə illərdir komandir maşınında gəzirsiniz, at çapmağı unutmamısınız?
İlk anda söhbətin nədən getdiyini anlamayan Jukov həmişə olduğu kimi qısa və aydın cavab verib:
- Yoldaş Stalin müharibə illərində hərbi texnikada gəzsəm də, uşaqlıqdan öyrəndiyim at çapmağı hələ ki, yadırğamamışam. Elə cəbhələrdə də vaxt tapanda at çapmışam.
- Bu yaxşıdır. Odur ki, Qələbə paradını siz qəbul edəçəksiniz. Parada komandanlığı isə marşal Rokossovskiyə həvalə edirəm.
- Yoldaş Stalin, bu böyük şərəfə görə sizə minnətdaram, ancaq paradı sizin qəbul etməyiniz daha yaxşı olardı.
- Mən artıq qocalmışam, siz mənə baxanda cavansınız, tarşırığı yerinə yetirin.
Adətən Stalinin əmrləri, göstərişləri, təklifləri müzakirə olunmayıb. Çox nadir hallarda Stalinin söylədiklərinə marşal Jukovun fikir söyləmək cürəti çatıb. Ancaq bu dəfə Jukov dialoqun uzadılmasını mənasız sayıb.
Qələbə paradını açıq boz rəngli atın belində qəbul etmək də Ali Baş Komandan Stalinin təşəbbüsü olub.
Nəhayət iyunun 24-də Qızıl meydan 800 illik tarixində ən həyəcanlı anlarını yaşayıb. Hətta səhərdən yağan leysan yağış meydan ətrafına toplaşan yüz minlərlə insanı bu tarixi hadisəni izləməkdən geri döndərə bilməyib.
Kreml saatının onuncu zəngi vurulduqdan sonra iki atın nallarının cingiltili səsi altında marşal Rokossovski marşal Jukova raport verib. Paradı qəbul edən Jukov qoşunların qarşısından keçərək şəxsi heyəti təbrik edib. Təbrikdən sonra o tribunada qısa nitq söyləyib. Daha sonra hərbi orkestrin səsləndirdikləri marş sədaları altında döyüşən cəbhələrin alayları Qızıl meydandan keçiblər.
Hava şəraitinin yağıntılı olmasından Qələbə paradında aviamarş təxirə salınıb.
Parad zamanı hərbi orkestrin qəfil susması izdihamda qeyri-adi sükut yaradıb. Bir neçə saniyədən sonra təbillərin gurultulu səsi eşidilib və xüsusi rota alman bayraqlarını aşağı vəziyyətə gətirərək mavzoleyin qarşısındakı daşların üzərinə atıblar. Birinci atılan bayraq isə Hitlerin şəxsi ştandartı olub. Həmin bayraqları gətirən sovet hərbçiləri əllərinə əlcək geyiniblər. Bu da təsadüfi deyil. Onlar əlləri düşmən bayrağına dəyməməsi üçün belə ediblər və sonra həmin əlcəkləri də yandırıblar.
Qələbə paradının ən maraqlı məqamlarından biri şinel geyindirilmiş itin marş sədaları altında Qızıl meydandan keçməsi olub. Bu keçid insanların sürəkli alqışları ilə qarşılanıb. “Culbars” adlandırılan bu öyrədilmiş it müharibə zamanı 7500 ədəd basdırılmış minanın tapılmasında istehkamçılara yardımçı olub. Qələbəyə çox az bir vaxt qalmış isə it yaralanıb. Bu haqda məlumatlı olan Stalin təşkilat komitəsinə əmr verib ki, öz şəxsi şinelini “Culbars”a geyindirib Qələbə paradında Qızıl meydandan keçməsini təmin etsinlər.
Qələbə paradında 24 marşal, 249 general, 2536 zabit, 31116 əsgər və serjant heyəti iştirak edib. Qızıl meydandan 1850 hərbi texnika keçib.
Səhərisi gün isə iyunun 25-də Böyük Kreml sarayında 2500 nəfərin iştirakı ilə qəbul keçirilib, ziyafət təşkil olunub.
Ancaq qısa bir dövrdən sonra sovet xalqı bayram keçirmək hüququndan müəmmalı şəkildə məhrum edilib. Belə ki, 1947-ci ilin dekabr ayının 23-də Stalinin təşəbbüsü ilə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarına əsasən 9 may Qələbə günü iş günü elan edilib və həmin gün hərbi paradın və digər kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulmayıb. Hətta həmin rəsmi qərarda Qələbə sözü kiçik hərflə yazılıb.
Bu müəmmalı qərarla bağlı tarixçilərin bir çox versiyaları var. Bu qərarla ölkənin iqtisadi durumundakı problemləri nəzərə alaraq təqvimdəki bir qeyri-iş gününü ləğv edib, zavod və fabriklərin bir gün artıq işləməsi məqsədi güdülürdüsə, bu yanlış versiyadır. Çünki həmin qərarın digər bəndində 1 yanvarın qeyri-iş günü elan olunması öz əksini tapıb.
Daha bir versiya müharibənin od-alovundan çıxmış keçmiş döyüşçülərin bir araya gəlməsi, həmrəyliyi Stalini bu məsələdə ehtiyatlı davranmağa vadar edib. Belə ki, keçmiş döyüşçülərin həmrəyliyi sayəsində hamını düşündürən və həm də qıcıqlandıran hədsiz itkilərin sayı məsələsi qalxa bilərdi. Bunun yararadacağı fəsadların isə nə qədər ağır olacağı aydın məsələ idi. Təbii ki, bu məsələ Stalini narahat etməyə bilməzdi. Çünki SSRİ tərəfindən müharibədə ölənlərin sayı ağılasığmaz fantastik rəqəmlərlə əks olunurdu və həmin dövrdə ictimaiyyət tərəfindən bu böyük itki Müdafiə Komitəsinin səriştəsizliyi kimi də qiymətləndirilib.
Ən maraqlısı isə bu qərarın dekabrın 23-də verilməsidir. Məhz həmin ərəfədə pul islahatlarının keçirilməsi, bir həftədən sonra yeni il bayramı və bu bayramın qeyri-iş günü kimi elan edilməsi təbii ki, əhalinin diqqətini başqa səmtə yönəldib. Digər bir tərəfdən Qələbə gününə dövlət tərəfindən belə bir münasibətin göstərilməsinə etiraz etmək istəyənlərin sayının çox olmasına baxmayaraq Stalin rejiminin “NKVD” adlı amansız bir qurumu kimliyinə baxmayaraq hər bir kəsi susdurmaq iqtidarında olub.
Beləliklə, 9 may Qələbə bayramı düz 20 il ərzində təqvimdəki digər adi iş günləri kimi hərbi paradsız və təntənəsiz qeyd edilib. Nəhayət 1965-ci ildə qələbənin 20 illik yubileyində Leonid İliç Brejnevin təşəbbüsü sayəsində 9 may Qələbə günü qeyri-iş günü kimi təqvimə düşüb və sovet vətəndaşları tarixi qələbəni böyük təmtəraqla qeyd etməyə başlayıblar.
Mənbə: Milli.Az