ABŞ Kosmik Agentliyi (NASA) 2030-cu illərdə Marsa astronavtın göndərilməsi ilə bağlı planlarının olmasını təsdiq edib. Bu barədə təşkilatın direktoru Çarlz Bolden Corc Vaşinqton Universiteti və ABŞ-ın böyük kosmik şirkətləri tərəfindən təşkil edilən insanın Marsa uçuşuna hazırlıq məsələləri üzrə beynəlxalq konfransda bildirib.
"Biz 2030-cu illərdə Marsa astronavtın göndərilməsi ilə bağlı məqsədimizin həyata keçirilməsinə heç vaxt indiki qədər yaxın olmamışıq. Marsa enmə bir neçə illik planlaşdırma və tədqiqatların, ağır işlərin və arzuların, bəzən isə uzun sürən diskussiya və müzakirələrin kulminasiya nöqtəsi olacaq", - o qeyd edib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Mars bizim üçün böyük əhəmiyyətə malikdir. Çünki Qırmızı planet haqqında öyrənəcəyimiz bizə Yerin tarixi və gələcəyi barədə çox şeyi deyə biləcək. Marsın tədqiqi həmçinin bizə yerdənkənar həyatın mövcudluğu ilə bağlı sirləri açmağa imkan verəcək. Biz Marsda bir zamanlar həyat üçün əlverişli şəraitin olması barədə məlumatlıyıq, - Ç.Bolden vurğulayıb.
Gələn il biz Qırmızı planetə InSight enmə aparatını onun nüvəsini öyrənmək üçün göndərəcəyik. 2020-ci ildə Curiosity kosmik aparatının təcrübəsinə əsaslanaraq yeni Mars 2020 aparatını hazırlayacağıq. O, bizə Marsa missiya üçün hazırlaşmağa kömək edəcək və ilk dəfə torpaq nümunəsi götürərək Yerə göndərəcək, - NASA direktoru qeyd edib.
Növbəti addım kimi təşkilat rəhbəri uzaq kosmosun tədqiqini sadalayıb. NASA asteroidə ilk geri dönəcək missiyanı 2020-ci illərdə göndərəcək, - o əlavə edib.
Mənbə: ANS PRESS