ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “Azərbaycan müasir dünyada” adlı kitabda nəşr edilən məqaləsində qeyd edib.
N.Məmmədov bildirib ki, həmsədr ölkələrin rəhbərləri başa düşməli idilər ki, əgər demokratiyanın inkişaf etdirilməsi onlar üçün milli təhlükəsizlik məsələsidirsə, onda Azərbaycan üçün də işğal altında olan ərazilər üzərində nəzarətin bərpa edilməsi milli təhlükəsizlik məsələsidir.
PA rəsmisi qeyd edib ki, bu fonda Azərbaycan xarici siyasətdə çoxvektorlu kursunu reallaşdıraraq özünü çoxsaylı təhdidlərdən əhəmiyyətli dərəcədə sığortalamağa, ölkədə sabitliyi qoruyub saxlamağa və dünya dövlətlərinin çoxu ilə bərabər əməkdaşlıq münasibətləri qurmağa müvəffəq oldu: “Əsası Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş tarazlaşdırılmış bu xarici siyasət kursu bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə davam etdirilir”.
N.Məmmədov məqalədə Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərdən də yazıb: "Bu gün Azərbaycan Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramına qoşulmuş aparıcı ölkələrdən biridir".
N.Məmmədov vurğulayıb ki, Azərbaycan "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olsa da, Aİ ilə assosiasiya və azad ticarət zonası haqqında sazişlər imzalanmasını sürətləndirmədi, özünün bu mövqeyini əsaslandırmaq üçün kifayət qədər inandırıcı arqumentlərdən istifadə etdi: “Bu razılaşmalardan sonra Aİ-nin Azərbaycana qarşı iqtisadi təsir imkanı hətta Azərbaycanın ümumiyyətlə daxil olmadığı Ümumdünya Ticarət Təşkilatının iqtisadi təsir imkanlarından daha güclü olardı. Bundan başqa, biz Avropa strukturu ilə assosiasiya sazişini həm də ona görə imzalamadıq ki, Aİ ölkəmizin ərazi bütövlüyünün tanınması ilə bağlı mövqeyini bu sənəddə nümayiş etdirmədi”.
Mənbə: ANS PRESS