Qadin.NET / Oyunlardan nə qazanacağıq?

Oyunlardan nə qazanacağıq?

 

Oyunlardan nə qazanacağıq?

Son vaxtlar Avropa mediasında Azərbaycana qarşı tez-tez qərəzli sifarişli məqalələr dərc olunur. İddia olunur ki, Azərbaycan ən geridə qalmış müsəlman ölkələrindən biridir, çarşab və hicablı qadınlar ölkəsidir, ona görə də Azərbaycana getmək çox riskli və təhlükəlidir.Millət vəkili Zahid Orucun fikrincə, bu cür məqalələr Bakıda keçiriləcək Birinci Avropa oyunlarına qarşı yönəlib. "İddia edirlər ki, Azərbaycan bu mötəbər yarışın Bakıda keçirilməsinə görə qazanacağından çox itirəcək", - deyə millət vəkili ANS PRESS-in əməkdaşı ilə söhbəti zamanı bildirib. Millət vəkili bütün bunların anti-Azərbaycan kampaniyasının bir hissəsi olduğunu deyir. Onun sözlərinə görə, ölkəmiz “Bakı 2015”-dən iqtisadi baxımdan əlavə, sosial tərəfdən də daha çox xeyir götürəcək: “Əslində bütün gözləntiləri yalnız qarşıdakı 2 ay üzərində qurmaq çox yanlış olardı. Çünki bu miqyasda tədbirlər ərəfəsində yaradılan infrastruktur sonrakı dövrlərdə sosial xidmətlər üçün böyük töhfələr verir. İnşa edilən obyektlər növbəti illərdə keçiriləcək tədbirlərdə yenə də ünvan kimi seçilə bilər. Məsələn 68 min azarkeş tutumuna malik Olimpiya stadionu futbol üzrə həm Avropa, həm də dünya çempionatı üçün əla məkandır. İctimai iaşə müəssisələri, restoran şəbəkələri, turizm obyektləri, otel şəbəkələri öz səviyyələrini kifayət qədər artırmağa məcbur olacaq. Çünki bu sahədə çalışanlar özlərini Avropa səviyyəsində rəqabət üçün uyğunlaşdırmalıdır”.
Deputatın sözlərinə görə, Birinci Avropa oyunları başa çatdıqdan sonra Azərbaycanda gənclər üçün çox böyük iş imkanları yaranacaq. Ölkədə müxtəlif sahələrdə, xüsusən də turizm sektorunda əsl rəqabət hökm sürəcək
“Azərbaycan turizm sahəsində Türkiyə və digər ölkələr qədər cəlbedici deyil. Ruslar istirahət etmək üçün ölkəmizə gəlmirlər. Hətta öz insanlarımız da həmin sektordakı qiymətlərin yüksəkliyini nəzərə alaraq Gürcüstana və başqa ölkələrə üz tuturlar. Hesab edirəm ki, 1-ci Avropa oyunlarından sonra bu sahədə rəqabəti əldə etmiş olacağıq. Gənclərin iş yerlərinin tapılması bütün ölkələrdə olduğu kimi Azərbaycanda qarşıda duran vəzifə kimi dayanır. Bu ölkəni yalnız neft-qaz sektoru üzərində deyil, həm də idman sahəsi üzərində quran Azərbaycan dövləti gənclərin gələcək məşğulluğu, öz sabahlarının quruculuğu üçün mühüm bir yer kimi bu sahələri təklif edir. İnşa edilən stadionlar, komplekslər aralıq mərhələlərdə də müxtəlif səviyyəlli yarışları keçirmək imkanına malikdir. Gənclər bu sektorda özləri üçün yeni imkanlar qazanmış olacaq. “Bakı-2015” oyunlarını gözdən salmağa çalışan, anti-Azərbaycan kampaniyası aparan qüvvələr bu oyunların 30 iyundan sonrakı dövrdə böyüyən nəsil üçün nə qədər töhfə verdiyini sanki hesablamaq istəmirlər. Bu gün Belçikanın paytaxtı Brüssel siyasi məkan olaraq bütün dünya dövlətlərinin, beynəlxalq qurumların cəmləşdiyi şəhərdir. Ölkə dövlət və hökumət başçılarının, siyasətçilərin Brüsselə gəlməsi, burada oteldə qalmasına görə də qazanclar əldə edir. Ona görə də idman obyektləri ölkə üçün mühüm biznes məkanıdır. Bu səbəbdən “Bakı 2015” üçün tikilən bütün obyektlər gənclərimiz üçün konkret olaraq iş yeridir. Bu yarışlara hələ də tərəddüd və spesifik nəzərlərlə baxan insanlara çağırış edirik ki, bu təbir Azərbaycanın dünya ilə yeni münasibətlər tarixidir, iddialı bir dövlət olmağımız deməkdir”.
Ümumiyyətlə, Azərbaycana verilən 2 il yarım yarım ərzində ölkədə çox böyük layihələr həyata keçirildi. Bakı Su İdman Sarayı, Heydər Əliyev arenası, 68 min azarkeş tutumlu milli stadion tikildi. Bu stadion Avropa Oyunlarından sonra Azərbaycan milli futbol komandasının meydanı olacaq və UEFA Avro 2020 yarışlarının 3 oyununa ev sahibliyi edəcək.Davam edəcəyi 17 gün ərzində Avropa Oyunları ənənəvi və innovativ idman növlərindən ibarət geniş diapazonlu yarışlarda 6 mindən çox yüksək dərəcəli idmançının iştirakı gözlənilir.

 

Mənbə: ANS PRESS

7 may 2015
GO BACK