Bakıda adət etdiyimiz kimi sınıq-saxlaq avtobuslar tamam yığışdırılacaq. Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlbetmə şöbəsi müdir müavini Vüqar İbrahimlinin ANS PRESS-ə verdiyi məlumata görə, istismara yararsız olan avtobusların müəyyən edilməsi üçün yoxlamalar keçirilir.
Reydlərdə avtobusların texniki baxımdan nasazlığı, daşınma zamanı sərnişinlərin həyatına təhlükə yarada biləcək amillərlə yanaşı, avtobusun içərisindəki vəziyyət yoxlanılır. Avtobusların içindəki oturacaqların təmizliyi, içəridə oturacaq sayları, tutacaqlar, maşının şüşələrindəki sınıq və çatların olub-olmaması yoxlanılır.
“Sərnişinnəqliyyatda xidməti yüksək səviyəyə qaldırmaq üçün bir çox işlər görülür. Bu sahədə əsas problemlərdən biri də, nasaz avtobuslarla sərnişinaşıma xidmətinin göstərilməsidir. Artıq sahibkarlara xüsusi xəbərdarlıq edilib. Qısa müddət ərzində bu problemə son qoyulacaq!”, - deyə Vüqar İbrahimli bildirib.
Mənbə: ANS PRESS