"Tour d’Azerbaïdjan-2015" veloyürüşün ikinci mərhələsinə bu gün səhər saatlarında Veloparkdan start verilib.Velosiped İdmanı Federasiyasından ANS PRESS-ə bildirilib ki, velosipedçilər 187 km məsafə qət etməklə İsmayıllıda mərhələni başa vuracaqlar.
Bildirilir ki, mayın 6-da keçirilmiş ilk mərhələdə Azərbaycanın "Synergy Baku" komandasının üzvü Elçin Əsədov Dövlət Bayrağı Meydanından start götürən 154 km-dən ibarət marşrutun dağ mərhələsində hamıdan yaxşı nəticə göstərib.
Sloveniyanın "Adria-Mobil" komandasının üzvü Marko Kump 3 saat, 36 dəqiqə, 59 saniyə nəticə ilə məsafəni hamıdan tez qət edib və mərhələ qalibi olub. İtaliyanın "Androni Giocattoli" komandasının üzvü Françesko Kiki, "Synergy Baku" və Elit yığma komandasının üzvü Maksim Averin isə 2-3-cü yerləri tutublar. Yaşı 23-ə qədər olan velosipedçilərin mübarizəsində isə Belarusun "Minsk" komandasının üzvü Vladimir Harakavik fərqlənib.
"Tour d’Azerbaïdjan-2015" veloyürüşü mayın 10-a qədər davam edəcək. Beşgünlük yarışda 24 ölkəni təmsil edən 25 komanda mübarizə aparır.
Xatırladaq ki, bu yarış Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
Mənbə: ANS PRESS