Qadin.NET / Türkiyədəki quş qripi Azərbaycana keçə bilərmi?

Türkiyədəki quş qripi Azərbaycana keçə bilərmi?

Türkiyənin bəzi rayonlarında “quş qripi”nin aşkarlandığı haqda xəbər verilib. Virusun ev quşlarına köçəri quşlardan keçdiyi bildirilir. Bölgə karantin altına alınıb. 
Qeyd edək ki, Türkiyədən ölkəmizə diri quş, quş əti məhsulları və damazlıq yumurtalar idxal olunurdu. Quş qripi ilə bağlı xəbərdən sonra mayın 5-dən Balikəsir və ona yaxın olan Kutahya, Bursa, İzmit, Bandırma, Çanaqqala, Berqama, Akhisar və Manisa bölgələrindən diri quş, quş məhsullarının və eləcə də damazlıq yumurtaların Azərbaycana idxalı müvəqqəti dayandırılıb. 
İndi hər kəsi düşündürən xəstəliyin Azərbaycana da gələ bilmə təhlükəsinin olub-olmamasıdır. Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəriYolçu Xanvəli artıq monitorinqlərə başladıqlarını dedi: “Məqsəd ölkəmizin epizootik vəziyyətini, quşlarımızı, insanlarımızı bu xəstəlikdən qorumaqdır. Yalnız Türkiyədə deyil, bundan əvvəl Avropa ölkələrinin bir çoxunda bu xəstəlik qeydə alınmışdı. Eləcə də Böyük Britaniyada, Almaniyada, Hollandiyada, Polşada, Bolqarıstanda quş qripinin ayrı-ayrı yüksək, az patogenlisi vardı. Bununla əlaqədar həmin ölkələrə də məhdudiyyət tətbiq edilib. Həmin məhdudiyyət bu gün də öz qüvvəsindədir. Hazırda ölkəmizə quş əti Braziliyadan və İrandan gətirilir”. 
Y.Xanvəli bütün bu tədbirlərlə yanaşı, quş qripinin Azərbaycana gəlməsinin qarşısını almaq üçün monitorinqlər apardıqlarını bildirdi: “Biz birinci dəfə monitorinqi aprel ayında aparmışdıq. Quş qripinə görə mayın 4-dən etibarən ölkədə ikinci dəfə monitorinq aparmağa başlamışıq. Bizim mütəxəssislər artıq Abşeron milli parkında, Şabranda olublar. Mayın 6da isə Ağcabədidə Ağgöl ərazisində olublar. Mayın 7-də Lənkərandakı Qızılağac dövlət qoruğunda olacaqlar. Həmçinin Salyanda milli parkda, yəni ayrı-ayrı yerlərdən miqrasiya edib gələn köçəri quşlardan seçmə üsulu ilə quşlar ovlanılır və onlardan nümunə götürülür. Bizdəki məlumata görə, Abşeron Milli Parkında, Şabranda və Ağcabədidə quşlar arasında hansısa narahatlıq qeydə alınmayıb. Quşlardan götürülən nümunələrin ayın 17-də Respublika Baytarlıq Laboratoriyasında müayinəsi başa çatacaq və o vaxtda biz ictimaiyyətə məlumat verəcəyik. Həmçinin ev quşlarından da qan nümunələrinin və patoloji materialların götürülməsini nəzərdə tutmuşuq. Ölkənin ayrı-ayrı quşçuluq təsərrüfatlarından, şəxsi təsərrüfatlardan qan və patoloji materiallar gətirilir, Respublika Baytarlıq Laboratoriyasında müayinə edilir. Hələlik bu günə qədər ölkəmizdə quş qripinə görə vəziyyət sabitdir. Bu sabitliyi təmin etmək üçün Dövlət Baytarlıq Nəzarət Xidməti digər aidiyyəti qurumlarla birlikdə lazımi addımları davam etdirir”.
Bəzi insanlar yerli quş biznesi ilə məşğul olan istehlakçıların Türkiyədəki quş qripi ilə bağlı məsələni oradan Azərbaycana quş istehsalının qarşısını almaq üçün şişirdiyini də iddia edir. Maraqlıdır, bəs iddia nə dərəcədə doğrudur?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu məsələnin istisna olunmadığını bildirdi: “Azərbaycana daha çox məhsul göndərən ”Banvit" şirkətinin mallarını müəyyən etdi və məlum oldu ki, bu şirkətin məhsullarında heç bir problem yoxdur. Çox təəssüflər olsun ki, Azərbaycan ekspertizası dünya ekspertizasının arxasında gizlənir. Mən bir dəfə olsun görməmişəm ki, Azərbaycan ekspertizası nəyisə müəyyən etsin və dünya dövlətləri də bundan nəticə çıxartsın. Yaxşı olar ki, Azərbaycan ekspertizası yerli quşçuluq fabriklərinə nəzər salsın. Orada quş ürünləri var ki, onlar cəmiyyətdən gizlindir. Bir kilodan az kiçik quşların satışa çıxarılması ilə bağlı əhalidə rəy var ki, onlar ölmüş quşlardı. Bu sahədə xeyli qaranlıq və qeyri-müəyyənlik mövcuddur. Təsadüfi deyil ki, Azad İstehlakçılar Birliyi ABŞ-ın inkişaf agentliyinin təsis etdiyi Azərbaycan istehlakçılarının qida təhlükəsizliyi nişanını quşçuluq fabriklərinə şamil etmək istəyir. Ancaq normal quşçuluq fabriki tapa bilmirik ki, orada monitorinq aparaq və nişanı onlara şamil edək. Ölkəmizdə qidanın təhlükəsizliyi haqda qanun yoxdur".

Mənbə: Milli.Az

7 may 2015
GO BACK